Beyləqanda Vətən müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillər təqdim olunub
Sosial həyat

Beyləqanda Vətən müharibəsi şəhidlərinin ailələrinə yeni mənzillər təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beyləqan rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə mənzillər təqdim olunub. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev iştirak ediblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, H.Abdullayev bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfər qazandığı Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə Nazirlik tərəfindən şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək paketi icra olunur.

Qeyd edib ki, bu proqram ötən il 5 dəfə genişləndirilib. 2021-ci ildə şəhid ailələri və müharibə əlillərinə 3 min, 2022-ci ilin əvvəlindən bəri 600-dən çox mənzil verilib. Postmüharibə dövründə 3600-dən, ümumilikdə ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin edilib.

Yeni mənzillərlə təmin edilən şəhid ailələri diqqət və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

"Respublika".