Bəylər Ağayev
Sosial həyat

Bəylər Ağayev

Vətənimizin bütövlüyü uğrunda fədakarlıqla döyüşmüş, uca şəhidlik məqamına qovuşmuş qəhrəmanlarımızın  xatirəsi hər zaman ehtiramla yad edilir. Onların  qəhrəmanlığı gələcək nəsillər tərəfindən daima uca tutulur.

Birinci Qarabağ müharibəsində Vətən torpaqlarının bütövlüyü uğrunda düşmənlə üzbəüz mövqedə şücaətlə döyüşərək, şəhadətə qovuşan Azərbaycanın Milli Qəhrəmanı Bəylər Tapdıq oğlu Ağayev 1969-cu il fevralın 3-də Qubadlı rayonunun Qarağaclı kəndində dünyaya göz açıb. 1985-ci ildə Qaracallı orta məktəbini bitirdikdən sonra iki il sovxozda fəhlə işləyib. 1987-1989-cu illərdə sovet ordusu sıralarında Almaniya Demokratik Respublikasında hərbi xidmət keçib. Vətənə qayıtdıqdan sonra yenə doğma sovxozda əmək fəaliyyətini davam etdirib.

Bəylər 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutuna qəbul olunur, 1992-ci ilin əvvəlində təhsilini yarımçıq qoyaraq, könüllü olaraq Milli Ordu sıralarına yazılır.  Qorxmazlığı, cəsurluğu ilə ilk günlərdən diqqəti cəlb edən Bəyləri briqada komandiri bölmə komandiri təyin edir.

B.Ağayev Laçın rayonu ərazilərinin erməni işğalından təmizlənməsində fəal iştirak etməklə Səfiyan, Yuxarı və Aşağı Fərəcan, Mazutlu, Türklər, Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunəsi göstərir. Bəylər yüksək hərbi biliyi və intizamı, cəsurluğu, igidliyi ilə yoldaşlarından fərqlənir. Tabor və briqada komandirləri, Müdafiə Nazirliyi qəhrəman döyüşçü kimi Bəyləri dəfələrlə mükafatlandırırlar. Çox keçmir ki, onu bölmə komandiri təyin edirlər.

1992-ci il avqustun 6-da Xanalılar kəndi uğrunda gedən şiddətli vuruşmada igid komandir Bəylər Ağayevin bölməsi gözlənilmədən düşmən mühasirəsinə düşür. Bəylər üzünü döyüşçü dostlarına tutur: “İgidlərim, namərd düşmənin əlinə keçməmək üçün mühasirəni yarmalıyıq. Ola bilsin ki, bu, bizim son doyüşümüzdür. Biz bu döyüşdə ölümlə üz-üzəyik. Qoy olsun! Biz Vətən uğrunda ölümə gedirik. Amma qələbəyə gedirik. “İgidlərim, Azərbaycan uğrunda, Vətən uğrunda, irəli!”,-- deyib qabağa düşür. Bölmənin döyüşçüləri komandirin arxasınca hücuma keçib mühasirəni yarırlar. Cəsur döyüşçülər qranatamyot və qranatla düşmənin xeyli hərbi texnikasını və canlı qüvvəsini məhv edir, özləri də qəhrəmancasına həlak olurlar. İgid komandir və onun yoldaşları Qarağaclı kəndindəki  Şəhidlər xiyabanında dəfn edilirlər.  

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilir. Qubadlı rayon Qaracallı orta məktəbi onun adını daşıyır.

Bəylər nişanlı idi. Toy tədarükü görülmüşdü. Cəbhəyə hazırlaşanda atası toydan söz salmış, Bəylər: “İnşallah, toyu qələbədən sonra edərik”,-- demişdi.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində  yaşadığımız,  Bəylər Ağayevin  həlak olduğu torpaq öz sahibinə qovuşub. Vaxtilə baş vermiş faciələrdə tökülən qanlar əbəs yerə axmayıb. Artıq Azərbaycan bütövdür.

                                                                                                      M.MİRZƏ, 

                                                                                                  “Respublika”.