Beynəlxalq Animasiya Festivalı
Mədəniyyət

Beynəlxalq Animasiya Festivalı

Nizami Kino Mərkəzində 7-11 sentyabr tarixlərində keçiriləcək 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı ilə bağlı mətbuat konfransı baş tutub. "Bir bilet - bir ağac" şüarı altında keçiriləcək Festival "İqlim dəyişikliyi"nə həsr olunduğuna görə, bilet satışından əldə olunacaq bütün vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək. Bu il uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi festival tamaşaçılara üç əsas proqram təqdim edəcək. Animasiya filmlərinin nümayişi ilə yanaşı, yerli və xarici peşəkarların iştirakı ilə vörkşoplar və ustad dərsləri də təşkil olunacaq.

Festivala 50 müxtəlif ölkədən 230 film təqdim olunub. Seçim komissiyası müsabiqə proqramına 29 ölkədən 76 film qəbul edib. Müsabiqə iştirakçıları 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə mükafatlar uğrunda yarışacaqlar. Bütün seçilmiş filmləri beynəlxalq və uşaq münsiflər heyəti izləyəcək, qaliblər festivalın açılış və bağlanış mərasimlərində elan olunacaq. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq münsiflər heyətinə isə 6 xarici peşəkar daxil edilib. Bu il "Tamaşaçı seçimi" müsabiqəsinin qalibi film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri əsasında müəyyənləşdiriləcək, qalibə isə Lenovonun mükafatı təqdim olunacaq.

Peşəkarlar üçün proqramda hazırda üzərində iş gedən Azərbaycan animasiya filmləri təqdim olunacaq. Proqramda Nitya Ramloqan (ABŞ), Tilly Wallace (İngiltərə) və Nəzrin Ağamalıyevanın (Azərbaycan) iştirakı ilə "Stop motion" və "Şüşə üzərində animasiya" vörkşopları da nəzərdə tutulub.

Qeyd edək ki, 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçıları "Azərbaycan Animasiya Assosiasiyası" İctimai Birliyi və "PERİ FİLM" şirkətidir.

Mətbuat konfransında Mədəniyyət Nazirliyi Audiovizual və interaktiv media şöbəsinin əməkdaşı Elşad Əliyev, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev, festivalın media meneceri Bahar Zeynallı, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə, festivalın ABŞ-dan olan qonağı Nitya Ramloqan və başqaları iştirak ediblər.

Bəybala BƏYBALAYEV,

"Respublika".