Beynəlxalq antikorrupsiya fəaliyyətində Azərbaycan mühüm rol oynayır
Digər xəbərlər

Beynəlxalq antikorrupsiya fəaliyyətində Azərbaycan mühüm rol oynayır

Respublikamızda korrupsiyaya qarşı Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə qəti mübarizə aparılır. Bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verən Azərbaycan sıralarında 100-dən çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) təşkilatçılarından biri kimi onun işində daim fəal iştirak edir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 9 dekabr - Beynəlxalq Antikorrupsiya Günü ərəfəsində IAACA-nın rəhbər orqanı olan İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

İclasda beynəlxalq antikorrupsiya tədbirləri, qurumun gələcək fəaliyyəti və digər təşkilati məsələlər müzakirə olunub.

Assosiasiyanın vitse-prezidenti, respublikamızın ədliyyə naziri Fikrət Məmmədov tədbirdə çıxış edərək Azərbaycanda dövlət siyasətinin prioriteti olan korrupsiyaya qarşı sərt mübarizə aparıldığını bildirərək, bu sahədə ölkəmizin qlobal antikorrupsiya mübarizəsində mühüm rolu olan IAACA ilə fəal əməkdaşlığını vurğulayıb. Nazir təşkilatın gələcək fəaliyyətinə və müzakirə olunan digər mövzulara dair təkliflər irəli sürüb.

Tədbirdə, həmçinin Assosiasiyanın rəhbərliyinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qurumun İcraiyyə Komitəsinin yeni tərkibi müəyyənləşdirilib. Təşkilatın yeni prezidenti vəzifəsinə Honkonqun Antikorrupsiya Komissiyasının rəhbərinin namizədliyi təsdiq olunub. Azərbaycanın IAACA-nın işində fəal iştirakı, səmərəli təmsilçiliyi və verdiyi dəyərli töhfələr nəzərə alınaraq, respublikamızın ədliyyə nazirinin yenidən qurumun vitse-prezidenti vəzifəsinə namizədliyi təsdiq edilib.

Eyni zamanda qərara alınıb ki, IAACA-nın fəaliyyətinin səmərəliliyinin artırılması üçün yeni prezident və vitse-prezidentlər konkret regionlar həvalə edilməklə orada antikorrupsiya tədbirlərinin təşviqinə, bu məqsədlə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə cavabdeh olacaqlar.

İclasda, həmçinin əsas təşkilati məsələləri həll edən Ümumi Yığıncağın gələn ay keçirilməsinə dair qərar qəbul edilib.

AZƏRTAC