BEYNƏLXALQ FESTİVALIN QALİBLƏRİ
Region

BEYNƏLXALQ FESTİVALIN QALİBLƏRİ

Astara rayonunun məktəbliləri respublikada keçirilən bilik yarışlarında, respublika və beynəlxalq olimpiadalarda sevindirici nailiyyətlər qazanırlar. STEAM-la bağlı sərgi və festivallarda fəal iştirak edən 10-a yaxın şagird müxtəlif medallara layiq görülüb.

Dekabr ayının birinci ongünlüyündə Bakı Ekspo Mərkəzində Respublika Elm və Təhsil Nazirliyinin dəstəyi ilə "STEAM Azərbaycan-2022" festivalı keçirilib. Bu mötəbər tədbirə 1300-dən çox iştirakçı, o cümlədən, 7 xarici ölkədən 127 əcnəbi iştirakçı qatılıb. Məktəblilər yarışlarda 11 kateqoriya üzrə bilik və bacarıqlarını sınayıblar.

Beynəlxalq səviyyəli festivalda 8 ölkəni təmsil edən komandalar arasında "EduDrone kateqoriyası" üzrə Astara rayonunun Deqədi kənd ümumi orta məktəbinin "Sparrow" komandası birinci yerə çıxaraq qızıl medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Dekabrın 11-də Elm və Təhsil Nazirliyinin dəstəyi və İctimai televiziyanın təşkilatçılığı ilə keçirilən "Əlaçı" televiziya verilişində rayonun X.Şəkərov adına Tüləgüvan kənd tam orta məktəbinin XI sinif şagirdi Sevanə İsazadə qalib gələrək nazirlik tərəfindən diploma layiq görülüb.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yüksək uğur qazanmış məktəblilər, onların müəllim və valideynləri ilə görüşüb.

Görüşdə icra başçısı bildirib ki, gənc nəslin müasir texnologiyaları mənimsəməsinə, intellektual inkişafına dövlətimiz tərəfindən xüsusi qayğı göstərilir. "STEAM Azərbaycan" layihəsi istiqamətində görülən işlər, məktəblilər arasında keçirilən müxtəlif intellektual və idman yarışları, o cümlədən "Əlaçı" verilişi neçə-neçə istedadlı şagirdin üzə çıxmasına imkan yaradıb. Respublika və beynəlxalq əhəmiyyətli yarışlarda Astara məktəbliləri müvəffəqiyyətlə çıxış edərək dünyanın tanınmış, məşhur universitetlərində təhsil almaq hüququ qazanıblar.

Deqədi kənd məktəbinin informatika müəllimi, "Sparrow" komandasının rəhbəri Nemət Tarverdiyev səmimi görüş üçün rayon icra hakimiyyətinin rəhbərliyinə, gənc nəslin təhsilinə, hərtərəfli inkişafına yüksək diqqət və qayğı göstərdiyinə görə ölkə Prezidenti İlham Əliyevə pedaqoji kollektiv adından minnətdarlıq edib.

Sonda qaliblərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".