Beynəlxalq idman yarışları ölkənin tanınmasında müstəsna əhəmiyyət daşıyır
İdman

Beynəlxalq idman yarışları ölkənin tanınmasında müstəsna əhəmiyyət daşıyır

Bakıda Cüdo üzrə Dünya Çempionatının da möhtəşəm təşkili bunun real sübutudur

Ümummilli lider Heydər Əliyevin xalqın təkidilə 1993-cü ildə siyası hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Qısa zamanda həyata keçirilən tədbirlər nəticəsində idmançılarımızın uğurları artmağa başladı və Azərbaycan tədricən güclü idman ölkələrinin sırasına daxil olmağı bacardı. Xüsusilə qeyd etmək lazımdır ki, 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilməsindən sonra ölkəmizdə Olimpiya hərəkatı, bədən tərbiyəsi və idmanın inkişafı yeni mərhələyə qədəm qoydu.

Bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bir çox beynəlxalq səviyyəli tədbirlərə, həmçinin idman yarışlarına ev sahibliyi edir.

Azərbaycanda bədii gimnastika, güləş və boksdan sonra daha bir idman növü - cüdo üzrə XXXII dünya çempionatı 2018-ci il 20-27 sentyabr tarixində Bakıdakı Milli Gimnastika Arenasında keçirilmişdir.

Milli Gimnastika Arenasında təşkil edilən yarış bir çox məqamlarla zəngin olub. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Bakıda keçirilən dünya çempionatını 2017-ci il Macarıstanın paytaxtı Budapeştdə təşkil edilmiş mundialdan fərqləndirən əsas məqamlardan biri 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verməsi olub. Çempionlar 2000 xal, vitse-çempionlar 1400 xal, bürünc mükafatçılar hərəyə 1000 xal, 5-ci yerin sahibləri 720 xal, 7-ci yerin sahibləri 520 xal, 1/8 finalda uduzanlar 320 xal, 1/16 finalda uduzanlar 240 xal, 1 görüşdə qalib gələnlər 200 xal, ilk oyundaca məğlub olanlar 20 xal əldə ediblər.

Bu səbəbdən, Yaponiya, Cənubi Koreya, Braziliya, Fransa və Rusiya kimi əsas cüdo ölkələri Bakıya aparıcı idmançılarını gətirmişdilər. Təsadüfi deyil ki, iştirakçılar sırasında olimpiya, dünya və Avropa çempionu tituluna sahib olan cüdoçular yer almışdılar. Məsələn, Yaponiya yığması 2017-ci il Macarıstanda dünya çempionu olan 11 idmançısını da Bakıya gətirmişdi.

Qeyd edək ki, tədbirin sonuncu — səkkizinci günündə qarışıq komanda yarışları keçirilib. On səkkiz yığmanın mübarizə apardığı çempionatda Azərbaycan millisinin heyətində 11 cüdoçu yer alıb. Millimiz ilk görüşünü Avstriya yığmasına qarşı keçirib və 4:1 hesablı qələbə qazanıb. Dörddəbir finalda Yaponiya millisinə 2:4 hesabı ilə uduzan cüdoçularımız təsəlliverici görüşdə Niderland komandasını üstələyiblər - 4:2. Bürünc medal uğrunda görüşdə Rusiya millisinə 1:4 hesabı ilə məğlub olan cüdoçularımız çempionatı beşinci pillədə başa vurublar. Digər bürünc medalı isə birləşmiş Koreya komandası qazanıb.

Final görüşündə Yaponiya və Fransa milli komandaları üz-üzə gəliblər. Rəqibini 4:1 hesabı ilə məğlub edən Yaponiya millisi qarışıq komanda yarışlarının qalibi olub. Kuboku qalib komandaya Monqolustan prezidenti Xaltmaaqiyn Battulqa təqdim edib.

Azərbaycan komandası dünya çempionatının fərdi yarışlarında iki medal qazanıb. Belə ki, Uşanqi Kokauri (100 kq-dan yuxarı çəki dərəcəsi) gümüş, Hidayət Heydərov (73kq) isə bürünc medala sahib olublar.

Xatırladaq ki, çempionatda 6 qitədən olmaqla, 125 ölkədən 800-dək cüdoçu mübarizə aparıb. Mükafatçılar sırasında isə yalnız 22 ölkənin cüdoçuları yer alıblar.

2017-ci ildəki dünya çempionatında Azərbaycanın 4 cüdoçusu medalçılar sırasına düşmüşdü. Orxan Səfərov (60kq) və Rüstəm Orucov (73kq) gümüş, Elmar Qasımov (100kq) və qadın cüdoçu İrina Kindzerska (+78kq) bürünc medal qazanmışdı.

2018-ci ildəki çempionat bir sıra rekordlar və maraqlı hadisələrlə də tarixə düşüb. Türkiyə milli komandası Bakıda keçirilən dünya çempionatında 17 illik fasilədən sonra ilk medallarını qazanıb. Kişilərdən 81 kq çəki dərəcəsində yer alan Vedat Albayrak və qadınlardan 78 kq-dan yuxarı çəki dərəcəsindəki Kayra Sayıt bürünc medala sahib olub.

Bakıdakı dünya çempionatında əslən azərbaycanlı Səid Mollayı İran yığmasının heyətində 81 kq çəki dərəcəsində dünya çempionu olub. Bu barədə 26 yaşlı idmançının özü açıqlamasında bildirib. O deyib ki, İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərindən olsa da, hazırda Urmiyada yaşayır.

Onu da qeyd edək ki, Bakıdakı dünya çempionatı Azərbaycanın təbliğinə öz töhfəsini verdi. Çempionatı rekord sayda - 190-dan çox ölkədə izləmək mümkün oldu. Yayımçılar arasında CNN, Euronews, BBC kimi nəhəng telekanallar da var idi. 86 ölkə birbaşa öz telekanalları vasitəsilə çempionatı nümayiş etdirmişdi.

Yarış ərəfəsində İJF-nin rəsmi saytın

da Azərbaycanla bağlı tanıtım xarakterli reportaj və məqalələr dərc olunub. Promo-videoçarxda Azərbaycan böyük enerji resurslarına və zəngin mədəniyyətə malik olmaqla yanaşı, Odlar yurdu və cüdo yurdu kimi də təqdim edilib.

Təqdimat xarakterli reportaj çəkilişləri Azərbaycanın müxtəlif bölgələrində, xüsusən də Bakı və Sumqayıtda aparılıb. Reportajda Yay Olimpiya Oyunlarının qalibləri - Nazim Hüseynovla Elnur Məmmədlinin, ikiqat paralimpiya çempionu İlham Zəkiyevin və yeniyetmələr arasında Avropa çempionu Şahanə Hacıyevanın fikirlərinə yer verilib.

Bakının tarixi keçmişi, onun XII-XV əsrlərə aid memarlıq nümunələri ilə hazırkı futurustik memarlığı arasında paralellər aparılıb. Heydər Əliyev Mərkəzi, Alov qüllələri (“Flame Towers”) və Bakının yeni vizit kartları olan digər göydələnlər müasir memarlıq nümunələri kimi qələmə verilib. Həmçinin, Bakının böyük beynəlxalq turnirlər keçirməkdə uğurlu təcrübəsi, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinə, 2015-ci ildə ilk Avropa Oyunlarına, son illərdə “Formula-1” Qran-Prilərinə ev sahibliyi etməsi, 2020-ci ildə futbol üzrə Avropa Çempionatının qrup oyunlarından üçünün və ј final matçlarından birinin Bakı Olimpiya Stadionunda keçiriləcəyi vurğulanırdı.

İJF dünya çempionatı çərçivəsində bir sıra digər tədbirlər də keçirilib. Yarış ərəfəsində “Buta” Sarayında qurumun Şöhrət Zalına daxil edilən 19 ulduz mükafatlandırılıb. Azərbaycandan 3 nəfər bu şərəfə layiq görülüb. İJF 1992-ci il Barselona Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynov, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədli, eləcə də 2004-cü il Afina və 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarında birinci yeri tutmuş İlham Zəkiyevi fərqləndirilib.

Bundan başqa, İJF İcraiyyə Komitəsinin iclasında dünya çempionatlarında komanda yarışları, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına hazırlıq və Yeniyetmələrin III Yay Olimpiya Oyunları, məşqçilərlə bağlı yeni qaydalar, təlim və məşq, uzunmüddətli təqvim və digər idman məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Toplantıda 2021-ci il cüdo üzrə dünya çempionatının Avstriyanın paytaxtı Vyanada keçirilməsi qərara alınıb. Həmçinin, cüdonun illik təqviminə Kanada, İsrail və Çili Qran-Prilərinin əlavə olunacağı açıqlanıb. M.Vizer Azərbaycanda olduğu müddətdə Azərbaycan Cüdo Federasiyasının (ACF) Sumqayıt Təlim-Məşq Bazasının açılışında iştirak edib. O, həmçinin cüdo üzrə Azərbaycan milli komandalarının Bakı Olimpiya Stadionundakı təlim-məşq bazasına baş çəkib. Qurumun rəhbəri görülən işləri yüksək qiymətləndirib və müasir tələblərə cavab verən bazanın cüdoçuların sərəncamına verilməsinə görə ACF rəhbərliyinə təşəkkür edib. O, bazanın Azərbaycanda cüdonun inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

Bütün bunlar bir daha onu göstərir ki, idman sadəcə, əyləncə, maraq deyil, hər bir ölkənin dünyada tanıdılması üçün mühüm amillərdən biridir. Beynəlxalq səviyyəli idman yarışının məhz I pilləsində yer alan idmançı öz ölkəsinin himnini səsləndirməyə, bayrağını dalğalandırmağa qadirdir. Bu mənada biz də müxtəlif vaxtlarda həmin missiyanı yerinə yetirən idmançılarımızla qürur duyuruq. İnanırıq ki, dövlətimizin idmanın kütləviliyinə, inkişafına göstərdiyi dəstək dünyaşöhrətli idmançılarımızın sırasının artmasına stimul verəcək, yeni-yeni idmançılar öz adlarını tarixə yazdıracaqlar. Bu isə öz növbəsində Azərbaycanın dünyada daha yaxşı tanıdılmasına və təbliğinə töhfəsini verəcəkdir.

Nurəngiz ADİLQIZI,

“Respublika”.