Beynəlxalq ikili diplom proqramı
Elm və təhsil

Beynəlxalq ikili diplom proqramı

2022-2023-cü tədris ilində Bakı Mühəndislik Universitetinin Koreyanın İNHA Universiteti ilə birgə həyata keçirdiyi beynəlxalq ikili diplom proqramına (İDP) qəbul üzrə yüksək göstəricilər əldə edilib.

Qəbula dair nəticələrə görə, proqrama müraciət etmiş 309 abituriyentdən 117 nəfəri tələbə statusu qazanıb. Bununla da cari il üçün proqram üzrə nəzərdə tutulan tələbə qəbulunun 91,4 faizi uğurla tamamlanıb. Qəbul olan tələbələrin 32 nəfəri İnformasiya texnologiyaları, 32 nəfəri elektronika mühəndisliyi, 28 nəfəri elektrik mühəndisliyi, 25 nəfəri isə inşaat mühəndisliyi ixtisası üzrə təhsil alacaqlar.

İctimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, İDP çərçivəsində oxumaq şansı əldə etmiş 117 tələbənin 51 nəfəri 500, 49 nəfəri isə 600 baldan çox nəticə göstərmiş abituriyentlərdir. Bu da son iki qəbul ili ilə müqayisədə 500 və 600 bal toplayan tələbələrin say nisbətinə müvafiq olaraq 58% və 54% artım deməkdir.

Yüksək nəticələr vurğulamağa imkan verir ki, BMU-İNHA İDP-nin fəaliyyət planının icrası nəticəsində əsas keyfiyyət göstəricilərindən biri olan daha istedadlı və yüksək bal toplamış tələbələrin proqrama cəlb olunması uğurla təmin edilib.

Qeyd edək ki, bütövlükdə 2022-2023-cü tədris ilində ali təhsil müəssisələrinə qəbulda yüksək bal toplayaraq, ixtisas seçimində BMU-ya üstünlük verən tələbələrin sayında əhəmiyyətli artım tendensiyası müşahidə olunub. Ötən tədris ili ilə müqayisədə BMU-ya qəbul olan tələbələr arasında 600-dən yüksək bal toplayanların sayı 53 nəfərdən 128 nəfərə, 500 baldan çox bal toplayanların sayı isə 219 nəfərdən 314 nəfərə yüksəlib. Universitetə bakalavr səviyyəsi üzrə qəbul planı ümumilkdə 97.78 faiz təşkil edib.

M.MİRZƏ,

"Respublika".