Beynəlxalq İtkinlər Günü: Azərbaycanda aparılan axtarış prosesinin mərkəzində humanizm prinsipləri dayanır
Sosial həyat

Beynəlxalq İtkinlər Günü: Azərbaycanda aparılan axtarış prosesinin mərkəzində humanizm prinsipləri dayanır

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə birlikdə Beynəlxalq İtkinlər Günü ilə əlaqədar təşkil edilmiş tədbirə ev sahibliyi edib.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi itkin düşmüş şəxslərin identifikasiyası prosesinə olan humanitar yanaşmaya diqqəti cəlb etmək, o cümlədən dünyada və Azərbaycanda itkin düşmüş hesab edilən minlərlə insanın xatirəsini və itkin düşmənin onların ailələrinə yaşatdığı iztirab hissini yad etməkdir.

Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov açılış çıxışında qeyd edib ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarına sadiq qalaraq 1993-cü ildən BQXK ilə sıx əməkdaşlıq şəraitində işləyib. Komissiya katibi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3 min 890 nəfərin, Vətən müharibəsində 6 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını bildirib.

Xüsusilə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən olunması üçün Dövlət Komissiyasının qarşısında mühüm vəzifələr müəyyən edilib.

İ.Axundov üçtərəfli Bəyanatdan sonra hazırda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında olan ərazidən 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqlarının təhvil verildiyini, işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş digər ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqlarının müəyyən edilərək götürüldüyünü bildirib.

Həmçinin qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş və respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı naməlum şəhid məzarlarından 183 meyit qalığı ekshumasiya edilib, göstərilən üç istiqamət üzrə ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib və götürülmüş nümunələr aidiyyəti üzrə laboratoriyalara təqdim edilib.

Komissiya katibi hazırda BQXK-nın Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid altı yüksək coğrafi dəqiqlikli məzar yerində insan qalıqlarının ekshumasiyasına dair birgə pilot layihənin icrası üçün planlaşdırmanın aparıldığını da diqqətə çatdırıb, Birinci Qarabağ və Vətən müharibəsində hər iki tərəfdən itkin düşmüş şəxslərə aid məzar yerləri ilə bağlı məlumatların təqdim edilməsi üçün Ermənistanı konstruktiv əməkdaşlığa dəvət edib.

BQXK-nın Bakı Nümayəndəliyinin başçısı xanım Draqana Koiç çıxış edərək deyib: "Gəlin, bu gün və hər gün Azərbaycanda və eləcə də dünyanın digər yerlərində əzizlərinin taleyi barədə xəbərsiz olan minlərlə insanın iztirablarını xatırlayaq. Həmçinin unutmayaq ki, onların taleyinin aydınlaşdırılması hakimiyyət orqanlarının məsuliyyət dairəsinə aid olmaqla, ilk növbədə və ən vacibi humanitar fəaliyyətdir və həmişə belə olmalıdır. BQXK isə öz növbəsində neytrallıq və qərəzsizlik prinsiplərinə sadiq qalaraq itkin düşmüş şəxslərin identifikasiyası prosesində aidiyyəti hakimiyyət orqanlarına dəstək göstərməyə davam etmək öhdəliyini bir daha ifadə edir".

D.Koiç həmçinin bildirib ki, BQXK son 30 il ərzində texniki təcrübəsini təklif etmək, bacarıqların artırılması istiqamətində tədbirlər görmək, dünyanın digər yerlərindən təcrübə və qabaqcıl təcrübələri bölüşməklə Azərbaycanda aidiyyəti hakimiyyət orqanlarının və dövlət qurumlarının itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması səylərinə öz dəstəyini göstərib. Qurum, həmçinin itkin düşmüş şəxslərin ailə üzvlərinə psixososial dəstək göstərib, eləcə də ən həssas təbəqəyə aid olanlara maddi yardım edib. BQXK silahlı münaqişə və digər zorakılıq hallarının qurbanlarının humanitar müdafiəsi və onlara dəstək göstərilməsini təmin edən neytral, qərəzsiz və müstəqil təşkilatdır. Təşkilat regionda münaqişə ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir.

Tədbirdə, həmçinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Həbib Mikayıllı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvü Novruz Aslanov, Səhiyyə Nazirliyi Patoloji Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Elnur Nəsibov, Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Ağayev və itkin ailələrinin üzvləri çıxış edərək, itkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən edilməsi, onlar barədə ailələrinə məlumatların çatdırılmasının vacib humanitar vəzifə olduğunu diqqətə çatdırıblar.

Tədbirdə, itkin düşmüş şəxslərin ailələri, dövlət qurumlarının nümayəndələri, diplomatik missiyalar və beynəlxalq təşkilatların üzvləri, itkin düşmüş şəxslərin məsələləri üzərində işləyən mütəxəssislər, o cümlədən dini icma və qeyri-hökumət təşkilatlarının rəhbərləri daxil olmaqla, yüzdən çox qonaq iştirak edib.

Sonda itkin düşmüş şəxslərin humanitar nöqteyi-nəzərindən identifikasiyası mövzusunda müzakirələr və fikir mübadiləsi aparmaq, irəliləyişləri və çətinlikləri, o cümlədən gələcək imkanları vurğulamaq məqsədilə panel müzakirəsi və sual-cavab sessiyası keçirilib.

AZƏRTAC