Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir
Digər xəbərlər

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir

Dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş katibi Han Moraal və icraçı direktoru xanım Yanne Holst Hübnerin rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə ölkəmizə işgüzar səfərə gəlib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 1-də keçirilmiş görüşdə Assosiasiyanın vitse-prezidenti, Azərbaycanın Baş prokuroru Kamran Əliyev qonaqlara Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, son dövrlərdə prokurorluq orqanlarında həyata keçirilmiş islahatlar, struktur və kadr dəyişiklikləri barədə ətraflı məlumat verib, gənc hüquqşünasların işə qəbulu və onların peşəkar kimi təkmilləşdirilməsinin prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.

Qonaqlar yüksək qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib, təşkilatın milli prokurorluq orqanlarımızla əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını bildiriblər.

Sonra Assosiasiyanın 29-cu illik konfransı və ümumi yığıncağına 2024-cü ildə ölkəmizin ev sahibliyi etməsi haqqında qərarın icrası məqsədilə yaradılmış yerli təşkilat komitəsinin fəaliyyəti ilə bağlı ilk iclas keçirilib, bir sıra təşkilatı məsələlər müzakirə olunub.

BPA-nın üzvlüyünə yeni qəbul olunmuş gənc əməkdaşlarla görüşən qonaqlar onlara üzvlük vəsiqələrini təqdim ediblər.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

AZƏRTAC