Beynəlxalq təşkilatların da islahatlara ehtiyacı var
Digər xəbərlər

Beynəlxalq təşkilatların da islahatlara ehtiyacı var

Hazırkı vəziyyətdə dünya düzənində bir narahatlıq, qarmaqarışıqlıq hökm sürür. Ölkələrarası münasibətlərdə bir sıra çətinliklər, mübahisəli məqamlar var. Müharibələr, münaqişələr bu münasibətləri daha da gərginləşdirir. Dövlətlərin bir-birinə qarşı münasibətlərində bir soyuqluq var. Kiminin mübarizəsi haqlı, kiminin ki isə haqlıykən haqsız mövqedən baxılaraq qərəzli mövqe sərgilənir. Bu xoşagəlməz münasibətlər təkcə ölkələr arasında deyil, həm də beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar arasında da özünü büruzə verir. Azərbaycan öz haqq mübarizəsində belə qərəzli mövqelərin çox şahidi olub. Qarabağ müharibəsində haqlı savaşımız zamanı bizə dost, qardaş olan ölkələr yanımızda oldu. Biganəlik, ikili münasibət bəsləyənlər isə qərəzli, xain əməllərindən qalmadılar. Eyni zamanda böyük təşkilatlar. Görünən odur ki, belə təşkilat və qurumların mövqelərinin dəyişməsi üçün həm də onların strukturlarında da köklü dəyişiklik olmalıdır.

"BMT-də islahatlar aparılmalı, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Misir Prezidenti Əbdülfəttah Əs-Sisi ilə birgə mətbuat konfransında deyib.

Artıq bütün dünya bizim Vətən müharibəsindəki şanlı qələbəmizi haqq, ədalət savaşı kimi qəbul edir. 30 il işğal altında qalan torpaqlarımızı azad etməyimizi alqışlayırlar. Əlbəttə ki, biz bu, haqlı davamızla öz ərazi bütövlüyümüzü bərpa etmişik. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini isə Azərbaycan özü həyata keçirib. Hansı ki, BMT özü bu qətnamələrin tələblərinə əməl etməli idi. Regional münaqişələrin həllində, sülhün, barışığın təmin olunmasında BMT-nin Təhlükəsizlik Şurasının rolu və fəaliyyəti əhəmiyyətli və vacibdir. Lakin Azərbaycan müharibəyə cəlb edilən ölkə kimi bu beynəlxalq qurum tərəfindən aparılacaq heç bir fəaliyyətin şahidi olmadı. Yəni BMT kimi nüfuzlu beynəlxalq bir təşkilatın laqeyid, hətta yeri gələndə qərəzli mövqeyini görmüş olduq. O zaman belə bir təşkilatın özündə islahatlar, dəyişikliklər etmək zərurəti yaranmayıbmı?

Bütün bu amillərdən irəli gələrək Azərbaycan Prezidenti İlham Əliyev son zamanlar öz çıxışlarında bu mövzunun aktuallığına toxunaraq xüsusi olaraq qeyd edir ki: "BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir. Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir". Əlbəttə ki, qlobal, hər an dəyişən dünyamızda daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına ehtiyac var. Beynəlxalq təşkilatlar da bu yöndə aktiv şəkildə fəaliyyət göstərməlidirlər. Şübhəsiz ki, dünya dövlətlərinə, müharibə və münaqişələrdən zərər görmüş ölkələrə qarşı ədalətli mövqe tutmalıdırlar. Sözsüz ki, BMT kimi beynəlxalq təşkilatlarda 2 milyardlıq müsəlman dünyasının da yeri müəyyənləşməli, pozulmuş hüquqları təmin edilməlidir. Aparılan islahat və təşkilatların fəaliyyəti hazırkı durumda baş verən problemləri heç də tam əhatə etmir. O baxımdan da beynəlxalq təşkilatlar öz mövqe və istiqamətlərinə dəyişiklik etməlidirlər. Bu zərurət və tələblərdən doğan islahatlar heç şübhəsiz ki, dünyanın hazırkı qarışıq məqamına da bir rəvanlıq, rahatlıq gətirəcək.

Bu gün dünyada baş verən münaqişələr mühit yaşayışla bərabər, həm də cofrafiyaları da dəyişir. Dünya genişlənir, dünyaya baxış dəyişir. Bu konteksdə BMT Təhlükəsizlik Şurası və bu kimi beynəlxalq təşkilatlar öz struktur və formalarında dəyişiklik etməli və bir əqidədə olmalıdırlar. İrqi ayrı-seçkiliyə, millətlərarası münasibətlərə ikili yanaşmamalı və qərəzli mövqe tutmamalıdır. Məlumdur ki, Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkələr özlərinin VETO hüququndan istifadə edərək fərqli xarakterli məsələlərin müzakirəsi zamanı həmin məsələ və qətnamələrin qəbul edilməsini bloklayırlar. Bu səbəbdən də BMT-də müzakirə edilən qlobal xarakterli məsələlər zamanı qərəzli mövqelər sərgilənir. Bütün bunların baş verməməsi üçün müzakirə edilən məsələlərə obyektib yanaşma baxımından, Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında xüsusi olaraq vurğulayır ki, BMT-nin yenidən qurulması, eyni zamanda Təhlükəsizlik Şurasının, həm də Baş Məclisinin fəaliyyətinin artırılması zərurətdir.

Ramidə YAQUBQIZI,

"Respublika".