Beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq
Siyasət

Beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) 29 aprel 1997-ci ildə təsis edilmişdir. Konvensiyanın əsas məqsədi kimyəvi silahların istifadəsini tamamilə qadağan etmək və müvafiq nəzarət mexanizmini yaratmaqdır. KSQT sözügedən konvensiyanın effektiv şəkildə icrasını təmin edir. Onun əsas orqanları Tərəf Dövlətlərinin Konfransı, İcraiyyə Şurası və Texniki Katiblikdir. Təşkilatın mənzil-qərargahı Niderland Krallığının Haaqa şəhərində yerləşir.

Konvensiyaya tərəf olan hər bir dövlət KSQT-nin üzvü statusunu qazanır. Hazırda 193 ölkə konvensiyanı ratifikasiya etmişdir. Misir, Şimali Koreya və Cənubi Sudan konvensiyaya qoşulmaması səbəbindən təşkilata üzv deyil.

Azərbaycan Respublikası 1993-cü ilin 13 yanvar tarixində Kimyəvi Silahlar Konvensiyasını ilk imzalayan dövlətlərdən biri olmuşdur. 29 fevral 2000-ci il tarixdə qeyd olunan konvensiya Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş və bununla ölkəmiz konvensiya ilə təsis edilmiş KSQT-nin tamhüquqlu üzvü olmuşdur.

Konvensiya müddəalarına uyğun olaraq, təşkilat ilə əlaqələrin koordinasiyası məqsədilə ölkə üzrə milli əlaqələndirici orqan təsis edilməsi tələb olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 iyul 2000-ci il tarixli Sərəncamı ilə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası tərəfindən milli orqan təyin edilmişdir.

Azərbaycan Respublikası Konvensiyaya qoşularkən kimyəvi silahlara və ölkəmizin ərazisində kimyəvi silahların istehsalı üzrə ixtisaslaşan müəssisələr olmamışdır. Ölkəmizdə Konvensiya ilə bəyan edilməsi nəzərdə tutulan bəzi üzvi kimyəvi maddələrin istehsalı həyata keçirilir və bu barədə illik əsasda təşkilata müvafiq məlumatlar təqdim olunur.

Azərbaycan Təşkilatın Texniki Katibliyi ilə əməkdaşlığın inkişaf etdirilməsi, Təşkilat çərçivəsində mövcud olan proqramlardan istifadə edilməsi, aidiyyəti sahələr üzrə milli kadr hazırlığı və kadrların peşəkarlığının daha da artırılması, Azərbaycan Respublikasının da daxil olduğu Şərqi Avropa Regional Qrupunun fəaliyyətində aktiv iştirakın təmin olunması, Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi istiqamətində müvafiq fəaliyyət həyata keçirir.

Bununla yanaşı, təşkilat ilə münasibətlərdə qarşılıqlı yüksək səfərlərin təşkili də mühüm əhəmiyyət kəsb edir. Belə ki, 11 iyun 2012-ci ildə Niderland Krallığına səfər zamanı sabiq xarici işlər naziri Elmar Məmmədyarov KSQT-nin o zamankı baş direktoru Əhməd Üzümçü ilə görüşmüş və qarşı tərəfi ölkəmizə dəvət etmişdir. Ə.Üzümçü 25-26 aprel 2013-cü il tarixlərində Azərbaycana səfər etmiş və bir sıra yüksək səviyyəli görüşlər keçirmişdir.

Qeyd edək ki, BMT Baş Assambleyası çərçivəsində konvensiyalara dəstək məqsədilə irəli sürülən qətnamə layihələri Azərbaycan tərəfindən daim dəstəklənir. Təsadüfi deyildir ki, 2016-cı ilin dekabrında keçirilən seçkilərdə Azərbaycan Kimyəvi Silahların Qadağan olunması üzrə Təşkilatın İcraiyyə Şurasına 2017-2019-cu illər üzv seçilmişdir. Bundan əlavə 7 iyul 2017-ci il tarixdə BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı Azərbaycan Nüvə silahlarının qadağan olunması üzrə Müqavilənin yekun mətninin lehinə səs vermişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 8 may 2020-ci il tarixdə “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Azərbaycan Respublikasının qanununu təsdiq etmişdir.

Bu Qanun sülhün və bəşəriyyətin təhlükəsizliyinin, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi, ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə ölkə ərazisində kimyəvi silahların hazırlanması, istehsalı, artırılması (yığılması) tətbiq edilməsinin qadağan olunmasının, habelə onun məhv edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir.

Konvensiyanın və bu Qanunun müddəalarının yerinə yetirilməsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Ölkəmiz tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən kimyəvi silaha qarşı mübarizə sahəsində digər dövlətlərə, onların müvafiq qurumları ilə, habelə kimyəvi silaha qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Kamil İSMAYILOV,

“Respublika”.