Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda
Türk dünyası

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda "Bərabər yürüdük biz bu yollarda" kitabının təqdimatı

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanla Türkiyə arasındakı əbədi qardaşlığa və dostluğa həsr edilmiş "Bərabər yürüdük biz bu yollarda" kitabının təqdimat mərasimi keçirilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, kitabda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iki ölkənin əlaqələrinin yüksək mərhələyə çatmasındakı xidmətləri əks olunub. Kitab ulu öndər Heydər Əliyevin fəaliyyətinin son dövrü 2003-cü ildən başlayaraq, 15 iyun 2021-ci il tarixində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalandığı günədək olan dövrü əhatə edir. Kitabda Azərbaycan və Türkiyə dövlət başçılarının ikitərəfli və çoxtərəfli görüşlərdəki çıxışları, müraciətləri, bəyanatları, fotoları yer alır.

Tədbirdə rəsmilər, Azərbaycan və Türkiyənin millət vəkilləri, səfirlər, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış siyasi, ictimai və mədəniyyət xadimlər iştirak ediblər.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq, onları rəhbəri olduğu qurumda görməkdən şad olduğunu qeyd edib. Günay Əfəndiyeva bildirib " Şübhəsiz biz tarixi günlər yaşayırıq. O müqəddəs 44 günü xatırlayaraq həmin günlər ərzində bizi bürüyən hissləri xatırlayırıq. O həyəcanı, o sevinc göz yaşlarını, o hüzn, kədər göz yaşlarını. O ikili standartlara, ədalətsizliyə qarşı olan münasibəti və nəhayət, o qarış-qarış torpaq azad olunana qədərki unudulmaz hissi. O fəxarət hissini xatırlayırıq. Bizə bu unudulmaz hissləri yaşadan bütün qəhrəmanlarımıza başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla, sonsuzadək minnətdarıq. Şəhidlərimizi hər zaman böyük hörmətlə, sevgiylə yad edir, qazilərimizə acil şəfalar diləyirik. Şübhəsiz, bu Zəfər sadəcə Azərbaycanın deyil, eyni zamanda, bütün Türklüyün Zəfəridir. Bütün Türk Dünyasını birləşdirən bir Qələbədir. Eyni zamanda, bu Zəfər əcdadlarımızdan bizə miras olaraq qalan dəyərlərin, qəhrəmanlıq ənənələrinin təcəssümüdür. Bizim mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın, musiqimizin təntənəsidir".

Günay Əfəndiyeva Zəfər bayramı ərəfəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təqdimatı keçirilən kitabda əks olunan 20 ilə yaxın müddət ərzində Prezident İlham Əliyev və Prezident Rəcəp Tayyib Ərdoğan tərəfindən həyata keçirilən dövlət siyasətinin iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəyə qalxmasında misilsiz rol oynadığını vurğulayıb. Fondun prezidenti bu əlaqələrin, eyni zamanda, iki dövlət başçısının bir-birinə sadiqliyinin, hörmətinin, etimadının sübutu olduğunu bildirib.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tədbirin əhəmiyyətindən söz açıb. Cahit Bağçı "Türkiyə Cümhuriyyətinin banisi qazi Mustafa Kamal Atatürkün və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin sözləri, əslində, Türkiyə-Azərbaycan əlaqələrinin tarixini, formasını, missiyasını ifadə edir. Bütün bunları bir araya gətirən son dövrə xitab edən, əlaqələrimizin bu günə gəlişinə olan xidməti ortaya qoyan bu dəyərli kitabın ərsəyə gəlməsidir. Təbii ki, "Bərabər yürüdük biz bu yollarda" ifadəsi hörmətli dövlət başçılarımızın siyasət yolunun simvolik ifadəsi olaraq Türkiyə-Azərbaycan əlaqələrini də ifadə edən bir anlama çevrildi. Bu baxımdan kitabın adı da münasibətlərimizin təsviri, bugünkü səviyyəsini göstərmək baxımından son dərəcə qiymətlidir. Kitabın hazırlanmasında başda Məlahət İbrahimqızı olmaqla əməyi keçən hər kəsi və tədbiri təşkil etdiyinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanı təbrik edirəm", - deyə bildirib.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, kitabın ideya müəllifi və nəşrə hazırlayanı Məlahət İbrahimqızı tədbirdə çıxış edərək, kitab barədə məlumat verib. Natiq kitabın 2003-cü ildən başlayaraq Azərbaycan və Türkiyə qardaşlığından bəhs edən mühüm vasitələrdən biri olduğunu qeyd edib. O, bütün çətin dönəmlərdə iki qardaş ölkənin hər zaman bir-birinə dəstək olduğunu qeyd edərək, Türkiyənin Azərbaycanın haqq savaşında yanında olmasının bütün dünyaya nümunə olduğunu bildirib. Məlahət İbrahimqızı tədbirin yüksək səviyyədə təşkilinə və ev sahibliyinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edib.

Tədbirdə, həmçinin çıxış edən Ankara Universitetinin rektoru Necdət Ünüvar, ATƏT-in Parlament Asambbleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev, Türkiyə millət vəkili, TBMM-nin Qadınlara qarşı şiddət üzrə Araşdırma Komissiyasının sədri Öznur Çalık, Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva kitab haqqında fikirlərini bölüşərək, Azərbaycan və Türkiyə münasibətlərinin sarsılmazlığı və əbədiliyindən, bütün məqamlarda "İki dövlət bir millət" ifadəsinin iki ölkənin xalqı olaraq sübut etməklərindən danışıblar.

Tədbirin bədii hissəsində Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovun və tələbələri Milli Televiziya Muğam Müsabiqəsinin qalibləri Gülzar Fərəcova və Elsevər Muradovun, eyni zamanda, M.Maqomayev adına 26 nömrəli musiqi məktəbinin şagirdi Elxan Məmmədlinin ifasında Azərbaycan və Türk xalq mahnılar səslənib. İfaçılar "Qarabağ" muğam qrupunu musiqiçiləri tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Siyavuş Kərimov müşayiət ediblər.

AZƏRTAC