Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə icraçı direktoru Ağdama səfər edib
Digər xəbərlər

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə icraçı direktoru Ağdama səfər edib

Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə icraçı direktoru Piotr Trabinski işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Qonağı BVF-nin və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndələri müşayiət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər zamanı qonaqlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Əvvəlcə Ağdam Sənaye Parkına gələn nümayəndə heyətinə məlumat verilib ki, Parkın prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana yaradılıb, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Parkın ərazisində bankomat quraşdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam şəhərinə səfəri zamanı Sənaye Parkında iki müəssisənin təməli qoyulub.

Nümayəndə heyəti sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdama səfəri zamanı təməli qoyulan yeni yaşayış kompleksinin ərazisində həyata keçirilən tikinti işləri ilə tanış olublar.

Piotr Trabinski və onu müşayiət edən qonaqlar daha sonra İmarət kompleksi, Çörək muzeyi, Dram teatrı və Cümə məscidində olub, erməni vandalizmini gözləri ilə görüblər.

Nümayəndə heyəti səfər çərçivəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə də tanış olublar. Xüsusi nümayəndə Emin Hüseynov qonaqlara Ağdam şəhərinin baş planı çərçivəsində həyata keçirilən tikinti-quruculuq işləri, layihələr, eləcə də qərargahda yaradılan şərait barədə məlumat verib.

Piotr Trabinski jurnalistlərə müsahibəsində deyib: "Bu, mənim Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ilk səfərimdir. Mənim üçün olduqca emosional və qəmgin bir səfərdir. Eyni zamanda, ümidverici bir səfərdir. Mən burada quruculuq işləri ilə tanış oldum. Azərbaycan xalqına əmin-amanlıq, firavanlıq və uğurlar arzu edirəm. Mən sabah Şuşa şəhərinə də səfər edəcəyəm. Bu səfərlərin təşkilinə görə ölkə rəhbərinə minnətdarlığımı bildirirəm".

AZƏRTAC