Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub
Digər xəbərlər

Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin sosial müdafiəsinin gücləndirilməsinin Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən olduğunu vurğulayıb. Ölkəmizdə aparılan sosial islahatları qeyd edən nazir xüsusilə son illər sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nazir bu ilin əvvəlindən Azərbaycanda sosial ödənişlərin artımını nəzərdə tutan növbəti islahat paketinin həyata keçirildiyi, 3,4 milyon şəxsi əhatə edən bu paket üçün illik əlavə 2,1 milyard manat ayrıldığını bildirib.

Ümumən son 4 ildə ölkəmizdə əmək müqavilələrinin sayının 30 faiz, əmək haqqı fondunun 2,2 dəfə artdığı bildirilib. Bu il mayın 1-nə əmək müqavilələrinin sayında ilin əvvəlinə nisbətən 7 min artım olduğu qeyd edilib. Özünüməşğulluq proqramının dəfələrlə genişləndiyi, bu proqrama son 4 ildə 49 min ailənin cəlb edildiyi diqqətə çatdırılıb.

Postmüharibə dövründə ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərinin artıq 100 min şəxsi əhatə etdiyi, onlara 175 min sosial xidmət göstərildiyi qeyd olunub. Eləcə də son illər əmək və məşğulluq sahəsində innovativ həllərin geniş tətbiqi istiqamətində əldə olunan uğurlar, "Əmək və Məşğulluq" altsistemi, onun əmək bazarı iştirakçıları üçün mühüm faydaları barədə məlumat verilib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri Çad Şteyinberqin və nümayəndə heyətinin üzvlərinin fikirləri dinlənilib. Ölkəmizdə son illər həyata keçirilən sosial islahatlara, əmək bazarındakı yeniliklərə dair müzakirələr aparılıb.

AZƏRTAC