Biçilmiş sahələr yandırıldıqda, torpaq öz münbitliyini itirir
Region

Biçilmiş sahələr yandırıldıqda, torpaq öz münbitliyini itirir

Təəssüf ki, bu məsələ dünən də, bu gün də problem olaraq qalır. Bəzi rayonlarda fermerlər taxıl biçinindən sonra küləş yerinə od vurur və gələcəkdə bu yanğın sayəsində torpağın məhsuldarlığına köməklik göstərilə biləcəyini düşünürlər. Torpağı yandırmaq ən yüngül halda, təbiətə ziyan vurmaq, ağır halda isə bizə qismət olmuş bu neməti yaralamaqdır. Məşhur bir şeirdə "Ocaq yanıb, göy çəməndə daş qalıb" adlı misra var. "Daş", bu göy çəməndə nə vaxtsa ocaq qalandığına, bu daşın üstündə yemək bişirildiyinə işarədir. Amma göy çəməndəki həmin yanıq - torpaq yanığı gözlərimizin önündən getmir. Həmin yanıq elə eləcə də qalacaq. Çünki torpaq yanığı sarğı götürmür.

Biçindən sonra küləş yerinə od vurmaq böyük fəsadlara yol açır. İsti və küləkli havada yanğının əhatəsi genişlənir, ətrafdakı meşələr, hətta fərdi yaşayış evləri, təsərrüfatlar yanğının qurbanına çevrilir. Artıq bir neçə gündür ki, biz bu fəsadların acı nəticələri ilə üz-üzəyik. Respublikanın Şabran, Siyəzən, Quba və digər bölgələrində yüz hektarlarla torpaq öz üzərindəki bitki və əmlak ilə birlikdə yanıb külə dönüb. Özfəaliyyəti dövründə yanğın təhlükəsindən qorunmağın yolları barədə yorulmadan izahat və maarifləndirmə məqsədilə təbliğat aparan Fövqəladə Hallar Nazirliyi texnika və canlı qüvvə ilə yanğın ocaqlarının söndürülməsində fədakarlıq göstərir. Yerli sakinlər də könüllü olaraq bu işə qoşulur. Çox yaxşıdır ki, bütün hallarda öz əlimizlə yaradılan fəlakətin qarşısı alınmış, yaxud alınmaqdadır.

Amma torpağın biololji keyfiyyətinə dəyən ziyanı aradan qaldırmaq uzun illər vaxt aparacaq. Cəbrayıl Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov deyir:

- Respublikamızda taxıl biçini başa çatmaq üzrədir. Fövqəladə Hallar Nazirliyi tərəfindən taxıl sahələrinin yandırılması hallarına qarşı maarifləndirici tədbirlər görülsə də, bəzi fermer və torpaq mülkiyyətçiləri tərəfindən biçilmiş sahələrin yandırılması hallarına hələ də yol verilir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına səbəb olur. Eyni zamanda, növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür.

Taxıl sahələrinin biçindən sonra yandırılması həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımından zərərlidir. Biçindən sonra əkin sahələrini yandıran fermer və torpaq mülkiyyətçiləri bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Artıq ötən ildən qəbul edilən "Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. Qeyd etmək istəyirik ki, "İnzibati Xətalar Məcəlləsi"nə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən, əkin yerini yandıran fiziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2 min manata, hüquqi şəxslər isə 5 min manatdan 6 min manatadək məbləğdə cərimə oluna bilər.

Sabirabadlı fermer Yazgül Osmanova deyir ki, yanğın təkcə biçilmiş əkin sahələrində deyil, ehtiyatsızlıq üzündən evlərdə də baş verir. Belə ki, artıq torpaq mülkiyyətçiləri, fermerlər və kənd sakinləri qışa tədarüklə bağlı sahələrdən mal-qara üçün yem ehtiyatı yaradır, ot-saman tayaları yığırlar. Ot-saman tayalarını evin çardağına və ya elektrik xətlərinin altına yığmaq yolverilməzdir. Ot-saman tayaları xüsusi ayrılmış yerlərdə yerləşdirilməli, ətrafı çəpərlənməlidir. Tayanın ətrafında və yaxınlığında tonqal qalamaq, siqaret çəkmək və açıq oddan istifadə etmək yanğın təhlükəsi yaradır.

Kənd adamlarını öz əmlaklarını qorumağı və həyatlarını yanğınla riskə atmamağı tövsiyə edirik.

Tofiq HÜSEYN,

"Respublika".