Biləsuvar:  “Ağ  qızıl”  tarlalarında   yüksək  məhsuldarlıq   gözlənilir   
Region

Biləsuvar:  “Ağ  qızıl”  tarlalarında   yüksək  məhsuldarlıq   gözlənilir   

Biləsuvar rayonunda bu  il də   tarlalarda  bol  məhsul  yetişdirilmişdir. Pandemiyanın  hökm sürdüyü, su qıtlığının  yarandığı  nisbətən çətin  dövrdə   “ağ  qızıl” ustaları  ruhdan  düşməyib   aqrotexniki  qaydalarla becərmə  aparmışlar.   Artıq  bir  neçə  gündür   ki,  fermerlər  mütəşəkkil   şəkildə  yığıma  başlayıblar.   Əsas  məqsəd  pambığı  tez  və  itkisiz  yığmaqdır.   

Son  illər  həyata  keçirilən   iqtisadi  islahatlar  aqrar  sahəyə  də  yeni  nəfəs  verib. Bu da  təsadüfi deyil. Çünki  Azərbaycanda kənd  təsərrüfatının istehsalının  zəngin tarixi ənənələri var.  Ölkəmiz tək nefti ilə deyil,  həm  də bərəkətli torpaqlarında yetişən  məhsulları  ilə  tanınır.  Kənd təsərrüfatının, xüsusən  onun ənənəvi sahələrinin  inkişafı,  emal  müəssisələrinin   xammal təminatının  yaxşılaşdırılması, əhalinin   məşğulluq səviyyəsinin  yüksəldilməsi, aqrar sahədə  idarəetmənin təkmilləşdirilməsi   istiqamətində zəruri hüquqi  aktlar, Dövlət proqramları   qəbul edilib. Prezident İlham  Əliyevin rəhbərliyi ilə kənd  təsərrüfatının ənənəvi   sahələrinin  inkişafı  ilə bağlı  keçirilən müşavirələr,  ixracyönümlü, ölkəmizə  valyuta  gətirə  bilən istehsal sahələrinin stimullaşdırılması ilə  bağlı  atılan  addımlar  aqrar   sahədə  böyük  canlanmaya   və  əhalidə ruh  yüksəkliyinə  səbəb  olub.

Bu  il  Biləsuvarda  8440 hektar sahədə pambıq bitkisi əkilmişdir. Əkilən sahənin  3400 hektarı “MKT İstehsal   Kommersiya”, 3010 hektar   MMC ilə, 2030 hektarı  “Azərpambıq”  “P-Agro” MMC ilə müqavilə bağlayan mülkiyyətçilər bu ildə də  sahələrdən yüksək məhsuldarlıq əldə etmək üçün var qüvvələri ilə hər bir aqrotexniki  işləri  vaxtında və keyfiyyətlə  apararaq bol məhsul  yetişdiriblər. Pambıq  yığımının  başlanması ilə əlaqədar   Biləsuvar Rayon İcra Hakimiyyətinin  başçısı  Faiq Qürbətov,  RİH-in məsul  şəxsləri   və  fermerlərin  iştirakı  ilə  pambıq  sahələrinə  baxış  keçirilib. Fermerlərlə görüşdə RİH-in başçısı da onları  narahat  edən  məsələlərlə  maraqlanıb, müvafiq  tapşırıqlar  verib.  Pambıq  yığımında  rayon  icra  hakimiyyətinin    xüsusi nəzarətinin  gücləndirilməsi,  gündəlik  mövcud  qrafiklərin  hazırlanması, fermerlər  arasında ədalət meyarının  qorunması  məsələsinə  xüsusi  diqqət  çəkilib.  Sahələrdə  defolyasiya işləri aparıldıqdan  sonra pambıqyığan  kombaynlarla  yığıma  kütləvi  şəkildə başlanacağı tarixə  xüsusi nəzarətin həyata  keçirilməsi  tapşırılıb. Qeyd edək  ki, biləsuvarlı  “ağ qızıl” ustaları  əvvəlki   illərdə  olduğu  kimi, bu təsərrüfat   ilində  də  pambıq  sahələrindən  yüksək  məhsuldarlıq əldə etməyi  qarşılarına məqsəd qoymuşlar.
Rayonda  pambığın  tez və itkisiz yığımını təşkil  etmək   məqsədilə  bütün  maşın  və mexanizmlər, pambıqyığanlar hazır  vəziyyətə  gətirilib  və  bu  sahədə işlərin  operativliyini  təmin etmək məqsədilə qərargah yaradılıb. Fermerlər  yaradılan şəraitə, kənd  təsərrüfatı sahəsinə göstərilən  diqqətə və qayğıya görə  Azərbaycan Prezidenti İlham   Əliyevə minnətdarlıqlarını  bildiriblər.

   Ərəstun ABDULOV,

     “Respublika”.