BİLƏSUVAR: Ali məktəblərə qəbulda yüksək bal toplayan məzunlarla görüş
Region

BİLƏSUVAR: Ali məktəblərə qəbulda yüksək bal toplayan məzunlarla görüş

Biləsuvar Rayon İcra Hakimiyyətində  2020-2021-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında rayon üzrə 600-dən yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlarla görüş keçirildi.

Görüşdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tələbə adını qazanan bütün məzunları təbrik edərək onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzuladı. Rayon icra hakimiyyətinin başçısı təhsilin inkişafına göstərilən dövlət qayğısından və bu sahədə əldə edilən uğurları qeyd edərək bildirdi ki, təhsilin inkişafı ölkəmizdə daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu gün ümumtəhsil məktəblərini bitirən məzunlarımız buraxılış imtahanlarında yüksək nəticələr əldə edirlər. Biləsuvar rayonunda bu il abituriyentlərdən 12 nəfəri 600-dən, 25 nəfəri isə 500-dən yüksək bal toplayıblar. Ən yüksək nəticəni isə 656 balla Biləsuvar şəhər Mübariz İbrahimov adına bağça-məktəb-lisey kompleksinin məzunu Muradlı Gülnar Bəhruz qızı göstərib. Builki tədris ilində rayon üzrə 300 nəfər abutiriyent tələbə adını qazanaraq respublikamızın müxtəlif ali təhsil ocaqlarına qəbul olunmuşdur.

Yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlar bundan sonra da daha fəal çalışaraq, Azərbaycanımızın adını daima uca zirvələrə qaldıracaqlarını bildirdilər.

Tədbirin sonunda ali məktəblərə qəbul olan tələbələrə fəxri fərmanlar təqdim olunaraq xatirə şəkli çəkdirildi.

Ərəstun ABDULOV,

“Respublika”.