BİLƏSUVAR: Qısa, şərəfli ömür 
Region

BİLƏSUVAR: Qısa, şərəfli ömür 

Vətən müharibəsində böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə ucalan Şahmarlı Elvin Malik oğlunun, Talıblı Asif Arif oğlunun və Qəniyev Cahid Şaiq   oğlunun xatirəsi ehtiramla anıldı.
Qəhrəman şəhidlərimizin anım mərasimlərində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə  orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri  şəhidlərin ata ocağını ziyarət  edib,  onların valideynləri ilə görüşdülər.   Qəhrəman  şəhidlərimizin  məzarları  ziyarət   olunub, ruhlarına  dualar  oxunub,  üzərlərinə  gül-çiçək  dəstələri  düzülərək  əziz  xatirələri  ehtiramla  yad  edildi.  Mərasimlərdə qəhrəmanlarımızın şərəfli döyüş  yolundan  danışan  Biləsuvar   Rayon  İcra  Hakimiyyətinin  başçısı  Faiq  Qürbətov   bildirdi  ki, Azərbaycan  xalqının  qüruru, fəxri  olan şəhidlərimizin xatirələrinin   bundan sonra da daim əziz tutulacağını  və  dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını  bildirdi. Şəhidlərimizin ailə üzvlərinə dərin hüznlə başsağlığı verən rayon  rəhbəri    F.Qürbətov  şəhid Elvin Şahmarlının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilmiş “Suqovuşanın azad  olunmasına  görə” medalını  onun  valideyninə  təqdim  etdi. Tədbir  zamanı  qəhrəman şəhidlərimizin  yaşadıqları  evlərə   vurulan  xatirə  lövhələrinin  açılışı  oldu.

Şahmarlı Elvin Malik oğlu   2002-ci  il fevralın  15-də  Biləsuvar  rayonunun  Əliabad   kəndində  anadan olmuşdur. Əliabad  kənd  tam  orta  məktəbində  təhsil  almışdır.
 -Elvin  Şahmarlı  2020-ci ildə  həqiqi  hərbi  xidmətə  yollanmışdı. O, Azərbaycan  Respublikasının  ərazi bütövlüyü   uğrunda  Vətən  müharibəsində  iştirak  etmiş, 12 oktyabr   tarixində  Suqovuşan  istiqamətində  gedən  döyüşlərdə  vuruşmuş  və  düşmən  hücumunun qarşısını  alarkən  qəhrəmancasına  şəhid  olmuşdur. 13 oktyabr 2020-ci il tarixində  Biləsuvar  rayonu,  Əliabad  kənd  qəbiristanlığında dəfn  olunmuşdur. Azərbaycan   Prezidenti  İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə  ölkəmizin   ərazi bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş   əməliyyatlarına  qatılan və hərbi  hissə  qarşısında  qoyulmuş tapşırıqların icrası  zamanı   vəzifə  borcunu  şərəflə  yerinə   yetirdiyinə  görə  Şahmarlı  Elvin  Malik  oğlu   ölümündən  sonra "Vətən uğrunda", "Suqovuşanın  azad  olunmasına  görə" və  "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Talıblı Asif Arif oğlu  1993-cü il aprelin 26-da Biləsuvar  rayonunun  Zəhmətabad  kəndində  anadan olub. Asif 2013-cü ildən Daxili Qoşunların  sıralarında  xidmət  edirdi. Azərbaycanın  Daxili  İşlər  Nazirliyinin  Daxili  Qoşunlarının  çavuşu  olan Asif  Talıblı    Azərbaycanın  ərazi  bütövlüyünün  bərpa  olunması  üçün başlanan  Vətən müharibəsində  iştirak  edərək  Cəbrayılın  və  Füzulinin  azadlığı  uğrunda  gedən  döyüşlərdə  şəhid  olub. Azərbaycanın   ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarına  qatılan  və  hərbi hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu şərəflə  yerinə  yetirdiyi  üçün Azərbaycan  Prezidenti   İlham Əliyevin  sərəncamları  ilə Talıblı  Asif  Arif  oğlu  ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın  azad olunmasına  görə", "Kəlbəcərin  azad  olunmasına  görə" və "Xocavəndin azad olunmasına görə" medalları  ilə  təltif  olunmuşdur.
Qəniyev Cahid Şaiq oğlu 1994-cü il fevralın 18-də Biləsuvar  rayonunun  Çaylı  kəndində  anadan  olub. Ailəli idi. Bir övladı yadigar qaldı. Azərbaycan  Ordusunun   giziri olan  Cahid  Qəniyev  2020-ci il sentyabrın 27-də  Azərbaycan  Silahlı Qüvvələri  tərəfindən  Ermənistan  işğalı  altında  olan  ərazilərin  azad edilməsi və  Azərbaycanın  ərazi bütövlüyünün  bərpa  olunması  üçün  başlanan  Vətən  müharibəsi  zamanı  Suqovuşanın  azadlığı uğrunda  gedən döyüşlərdə  vuruşub. Cahid  Qəniyev  sentyabrın 29-da  Suqovuşan  döyüşləri  zamanı şəhid  olub. 13 oktyabr  2020-ci il tarixində  Biləsuvar  rayonunun  Çaylı  kənd qəbiristanlığında  dəfn edilib. Azərbaycanın  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda döyüş  əməliyyatlarına  qatılan  və  hərbi hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu şərəflə yerinə  yetirdiyinə  görə   Azərbaycan  Prezidenti  İlham  Əliyevin  sərəncamları ilə  Qəniyev  Cahid  Şaiq  oğlu  ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və  "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.   

      Ərəstun   ABDULOV,

        “Respublika”.