Biləsuvar: Şəhərin  küçələri gözəlləşir
Region

Biləsuvar: Şəhərin  küçələri gözəlləşir

Ölkəmizdə bütün sahələrdə müşahidə olunan uğurlar yol-nəqliyyat kompleksinin inkişafında da qabarıq nəzərə çarpır. Regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində bu gün Azərbaycanda ən ucqar rayonlarda, o cümlədən şəhər və kəndlərdə ən müasir yol-nəqliyyat infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur.

Biləsuvar Rayon İcra Hakimiyyəti ötən il görülən işlərin davamı olaraq bu il də şəhərin bir sıra küçəsində yolların  yenidən qurulması, təmiri və asfaltlaşdırılması işlərini həyata keçirir.

Bu məqsədlə şəhərin müxtəlif istiqamətlərində yerləşən küçələrində artıq asfaltın örtük hissəsinin təmizlənməsi, deformasiya olunmuş və dağılmış hissələrin kipləşdirilməsi işləri  aparılır.

Bəzi küçələrdə asfaltlaşdırma işlərinə də başlanılmışdır. Bu küçələrdə ümumilikdə 6,7 kilometr uzunluğunda yeni asfalt örtüyü çəkiləcək. Görülən işlər çərçivəsində şəhərin Təyyarə Meydanı adlanan ərazisindəki Babək və C.Cabbarlı kücələri birləşdiriləcək və bunun nəticəsində şəhərin mərkəzinə daxil olmadan “Bolqarcay” üzərindən keçən alternativ yoldan istifadə tam asanlaşacaqdır.

Qeyd edək ki, ötən il Biləsuvar şəhərində ümumi uzunluğu 3,3 kilometr olan 8 küçədə asfalt-beton örtüyü döşənmiş və əlavə olaraq 53 küçədə ümumi uzunluğu 21,5 kilometr olan yol qum-çınqıl qarışığı ilə üzlənmişdir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq növbəti illərdə də digər küçə və yollarda işlərin aparılması planlaşdırılır. Bunun üçün yaradılmış komissiya tərəfindən təmir və tikintisi daha vacib olan yollar müəyyənləşdirilir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin sifarişi ilə həyata keçirilən işlərin tam və keyfiyyətli icra olunması üçün bütün imkanlar səfərbər edilib.

Ərəstun ABDULOV,

“Respublika”.