Biləsuvar: Şəhid  ailələri ilə görüş
Region

Biləsuvar: Şəhid  ailələri ilə görüş

Biləsuvar  Rayon  İcra Hakimiyyəti  başçısı  cənab  Faiq  Qürbətovun  2021-ci ilin yekunlarına  dair keçirdiyi  yığıncaqda  verdiyi  tapşırıqlarına  əsasən  2022-ci il ərzində  həyata  keçirilməsi  nəzərdə tutulan işlərə  dair Tədbirlər  Planı  hazırlanmışdır.

Tədbirlər  Planına  əsasən il ərzində  rayon  aktivlərinin, hüquq-mühafizə  orqanlarının  rəhbərlərinin,  ziyalılarının iştirakı ilə  mütəmadi  olaraq Birinci və  İkinci  Qarabağ  müharibəsi  şəhidlərinin  ailələri, müharibə  iştirakçıları, veteranlar,  dini  ayin icraçıları, gənclər, qadınlar, əlillərlə  bağlı  görüşlər  keçirilməsi  planlaşdırılır. Görüşlərin  məqsədi  qeyd olunan  kateqoriyadan  olan  insanların  həyat  şəraiti, işgüzar  fəaliyyəti  ilə yaxından  tanış  olmaq, onların  qayğıları ilə maraqlanmaq,  əməli  köməkliklər  göstərməkdir.
Rayon  rəhbərliyinin  tapşırıq  və  tövsiyələrinə  uyğun  olaraq  fevral  ayından  start  götürən  görüş ilk olaraq  Vətən  müharibəsi  şəhidlərinin  ailə üzvləri  ilə  keçirildi.

Görüşdə  Rayon  İcra Hakimiyyətinin  başçısı  Faiq  Qürbətov,  hüquq-mühafizə  orqanlarının   rəhbərləri, idarə,  təşkilat,  müəssisə  rəhbərləri   iştirak  etdilər, şəhidlərin  ailə  üzvlərinin  problemləri   rayon rəhbərliyi  tərəfindən  dinlənilib  və  ailələrin  təklifləri dəyərləndirilib,  əməli  köməklik göstərilməsi  istiqamətində  müvafiq  addımlar atılıb.

               Ərəstun   ABDULOV,

              “Respublika”.