Bilmək maraqlıdır: Xalq sənəti - qobelen
Region

Bilmək maraqlıdır: Xalq sənəti - qobelen

Yazdığı bədii əsərə yaxşı ad seçə bilmək müəllifdən xüsusi istedad tələb edir. Bədii əsərin adı oxucunu cəlb edə bilirsə, bu, onun ilk dəyəri, müasir dildə desək, reklamıdır. Yetmişinci illərdə Xalq yazıçısı İmran Qasımovun yol qeydlərindən ibarət "Fransız qobeleni" adlı sənədli povesti dərc olunmuşdu.

Çoxumuz əsərin içindəkilərindən çox, adı ilə maraqlanırdıq və "qobelenin" məsələyə nə dəxli olduğunu öyrənməyə çalışırdıq. Əlbəttə, bu, hamıya şamil deyildi, "qobelenin" nə demək oduğunu elə o dövrdə də bilənlər var idi. Bu, Azərbaycanın xalq tətbiqi sənətləri sırasında yer alan sənət növüdür. Məsələn, elə bizim misgərlik, zərgərlik, dulusçuluq və başqa sənətlərdən biri kimi. Amma onun tarixi ilə digər sənətlər arasında fərqlilik var.

Qobelen sənətinin tarixi qədimdir. İndi dünyada da məşhur olan bu sənəti XII əsrdə ərəblər inkişaf etdirib və tədricən bir çox Şərq ölkələrinə yayılıb. Qobelen o dövrlərdə türk xalqlarının da çox işlətdiyi zəruri məişət əşyası olmaqla yanaşı, kübarlığın rəmzi kimi varlı insanların evlərində geniş yer alan dekor vasitəsi, saraylara, qəsrlərə ecazkar gözəllik bəxş edən sənət nümunəsi olub. Lakin Şərqin digər mədəniyyət nümunələri kimi, bu sənəti də sonrakı dövrlərdə avropalılar mənimsəyərək öz adlarına çıxmağa çalışıblar. Orta əsrlərdə artıq qobelen sənəti Avropa ölkələrində daha da təkmilləşərək geniş yayılmışdı, kral saraylarını bəzəyirdi.

Xalqımızın tarix boyu tətbiqi sənətdə qazandığı uğurlar dünyada məşhurdur. Qobelen Azərbaycanda qədim xalq mədəniyyətinə aid süjetli xalça sənətidir. Xalça, palaz, şəddə və s. hamısı ayrı-ayrı texnologiyalarla toxunur. Qobelendə isə bunların hamısı birləşir. Burada rəssamdan böyük məharət tələb olunur ki, istədiyi kompozisiyanı bu və ya digər texnologiya ilə yarada bilsin. Bunlar qobelen haqqında rast gəldiyimiz qeydlərdir.

Qobelen xovsuz xalça növü olub, hazırda dekorativ sənət kimi tanınmaqdadır. Sənəti dekorativ edib, onu adi xalıdan fərqləndirən əsas cəhət isə qobelen üzərində insan duyğularının hisslərinin cəmləşdiyi süjetli kompozisiyanın məna və məzmunla ipə-sapa köçürülməsidir.

Qobelenin hazırlanma texnikasının əsasını öncədən çəkilmiş eskiz, fikir, ideya təşkil edir. Qobelen sənəti ilə məşğul olan ilk növbədə yaradıcı rəssam olmalıdır. Rəssamın qobelen toxuması üçün ona ilk lazım olan avadanlıq, material düşüncə və xəyallarıdır. Daha sonrakı proseslər isə sadəcə icradır.

Mütəxəssislər bildirirlər ki, qobelendə rəssam əvvəlcə fikrini eskiz formasında yaradır. Şübhəsiz ki, burada da əsas məsələ rəssamın ideyaya malik olmasıdır. Həyatını bu sənətə bağlayan sənətkarlar təbiətin ən böyük rəssam olduğunu vurğulayırlar. Rəssamlar təbiətlə bəhsə girməyin mümkünsüzlüyünü söyləsələr də, bu gün sintetik boyalardan istifadə edilməsini çarəsizlik kimi qiymətləndirirlər. Çünki süni rənglər uzun zaman tab gətirə bilmir, bir də görürsən itib-gedir. Təbii boyalar isə yüz illərlə yaşayır. Mütəxəssislərin fikrinə görə, texniki baxımdan qobelenin yuyulması düzgün deyil.

Qobelenlər ölçü baxımından həm kiçik, həm də irihəcmli olur. Mini qobelenlərdə başqa materiallardan, mis məftillərdən, müxtəlif texnologiyalardan istifadə olunur. Sovet vaxtı Pribaltikada mini qobelenlər istehsal edilirdi. Hətta o dövrdə mini qobelen sərgiləri də təşkil olunurdu.

Çox zaman mövzunun mahiyyəti qobelenin böyük həcmdə olmasını diktə edir. Kiçik əsərlə böyük ideyanı vermək çətin olur… Onu haqlı olaraq düşüncə ilə zövqün birləşdiyi sənət adlandırırlar.

Tofiq HÜSEYN,

"Respublika".