Bir ailədən üç döyüşçü
Sosial həyat

Bir ailədən üç döyüşçü

Vətən müharibəsində Qələbəni əldə etmək çox çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənib, istehkamlar qurub, səngərlər, sığınacaqlar, öz xəstə ağıllarına uyğun tunellər, yeraltı keçidlər, beş-altı müdafiə xətləri qurmuşdular. Bütün bu ciddi maneələrə baxmayaraq, rəşadətli Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu istehkamları dəf edərək düşməni ağır və biabırçı məğlubiyyətə uğratdılar.

Həmin vaxt qızğın döyüşlərin getdiyi Ağdamda yaşayan insanların qüruru, qorxmazlığı, ölkə başçısına və ordumuza dərin inamı, fədakarlıqları heç zaman unudulmayacaq. 44 gün bomba yağışı altında yaşayanların dözümü düşmənə ən kəsərli cavab oldu. Ağdamda evlər dağılır, insanlara ciddi ziyan dəyir, infrastruktur bərbad hala düşür, buna baxmayaraq heç kəs öz evini tərk etmir, xain düşmənin hərbi cinayətlərinə mərdliklə sinə gərirdi. Bir sözlə, ağdamlılar istər birinci Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində həmişə ön sıralarda olublar. Ağdam deyəndə şəhidlər yada düşür, daha doğrusu şəhid qanı hopmuş torpaq yada düşür.

Danılmaz həqiqətdir ki, vətənpərvərlik ailədən başlayır, kökdən, şəcərədən, insanı yaşadan qandan başlayır. Ağdamda belə ailələr çox olub, sözün əsl mənasında bir ailədən ən azı iki və ya üç nəfər döyüşlərdə iştirak edib. Bu sətirlərin müəllifinin də ailəsində iki oğuldan biri Birinci Qarabağ müharibəsində iştirak edib, beş övladına deyib ki, yurdumuzu biz qorumalıyıq, onun uğrunda şəhid olmalıyıq. Və qəhrəmanlıq göstərərək şəhid olub. Ağdamda belə ailələrin sayı çoxdur, onlardan biri də Abbasovlar ailəsidir.

Ata Müşfiq Qabil oğlu Abbasov 1970-ci il aprelin 16-da Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. Orta təhsilini bitirdikdən bir müddət sonra Birinci Qarabağ müharibəsi başlayıb. Vətən öz övladlarını köməyə çağıranda Müşfiq iki qardaşı ilə birlikdə torpaqlarımızın müdafiəsinə, şəhidlərimizin intiqamını almağa səfərbər olub. Müşfiq də könüllü olaraq qardaşları ilə birlikdə həmin müharibədə döyüşüb, Ermənistanın və onun havadarlarının hərbi təcavüzünə qarşı əsl igidlik göstərib. O, qardaşları ilə bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirak edərək düşmənə ağır zərbələr vurub. Həmin vaxt Ağdam şəhərindəki hərbi hissələrin birində kəşfiyyat bölüyünün komandiri təyin olunub.

Torpaqlarımızın işğalından sonra keçmiş döyüşçü Müşfiq Abbasov ailəsi ilə birlikdə məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşıb. İki oğul atası olub, ailəsini fədakarlığı sayəsində korluq çəkməyə qoymayıb, övladlarını vətənpərvərlik tərbiyəsində böyüdüb, erməni faşizmi haqqında demək olar ki, hər gün, hər dəqiqə onlara məlumat verib. Sözün əsl mənasında bir ailənin taleyi Azərbaycanın taleyi ilə üst-üstə düşür. Ailənin başçısı Ermənistanın işğalı ilə barışa bilmir, gecə-gündüz torpaqları işğaldan azad etmək haqqında düşünür.

Tovuz döyüşləri başlayanda iki oğlu ilə birlikdə səfərbərlik və hərbi xidmətə çağırış üzrə Ağdam rayon şöbəsinə gələn Müşfiqə gözləməyi məsləhət görüblər. Sözün düzü, məcburi köçkün həyatı yaşayan evin xanımı həyat yoldaşını və iki oğlunun qayıtmasına sevinsə də, bu çox çəkməyib. 2020-ci il sentyabrın 26-da ata Müşfiq Abbasov hərbi xidmətə çağırılıb. Növbəti gün isə iki oğlu toplanış məntəqəsinə çağırılıb. Ata və övladları elə burada görüşüb. Kiçik oğlu Şamil ilə birlikdə döyüşlərə qatılan Müşfiq sonra öyrənir ki, böyük oğlu İntiqam Suqovuşan istiqamətində gedən döyüşlərdə N saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı kimi iştirak edib. Bir ailədən üç nəfər Vətən müharibəsində döyüşərək igidlik və şücaət göstərib.

Müşfiq Abbasov 2020-ci il oktyabrın 5-də Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olub. Övladlarının və döyüş dostlarının çiynində son mənzilə gətirilən qəhrəman döyüşçü Müşfiq Abbasov Ağdam rayonu Quzanlı qəsəbəsində Şəhidlər Xiyabanında dəfn olunub. Məkanı cənnət olsun!

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Azərbaycan Ordusunun əsgəri Müşfiq Abbasov ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.

Salman ALIOĞLU,

"Respublika".