Bir güllə atılmadan. . .
Region

Bir güllə atılmadan. . .

İşğaldan azad edilən qədim yurd yerinə, Qarabağ  xanlarının dəfn edildiyi İmarətə,  külli Qarabağın musiqi beşiyinə,  görkəmli şəxsiyyətlərin,  alimlərin,  ziyalıların,  dünyanın musiqi sənətinə töhfələr verən görkəmli incəsənət xadimlərinin,  ədəbiyyatımızın korifeylərinin,  bir sözlə,  qəhrəman oğulların beşiyi Ağdama,  vaxtilə ölkənin ən varlı rayonu kimi tanınan,  Birinci Qarabağ müharibəsində altı min nəfərə yaxın şəhid verən “Qafqazın Xirosiması”na növbəti səfər həm göz yaşları, həm də sevinc hissləri ilə yadda qaldı. Qaçqınların və Məcburi  Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ağdam şəhəri daxil olmaqla rayonun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən təşkil olunan səfər zamanı ağdamlılar doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basıblar.

İnsanların Ağdamda keçirdiyi hissləri sözlə ifadə etmək mümkün deyil,  kədərli bir səhnənin şahidi oluruq, bir tərəfdə torpağı qucaqlayıb bağrına basan,  havasını doyunca ciyərlərinə çəkən, digər tərəfdə otuz ilə yaxın işğalda qalmasına baxmayaraq dəmyə şəraitində bar gətirən nar ağaclarından bar dərən adamları başa düşmək heç də çətin deyil.  Onlar otuz ildən sonra Ağdamda  yaşadığı hissləri dilə gətirirlər: anam ağır xəstədir,  dedi ki,  bala,  mənə Ağdamdan bir ovuc torpaq gətir,  onu qoxlasam dünyada heç dərdim olmaz,  bir başqası isə deyir ki,  yaşlı atam mənə tapşırıb ki,  Ağdamda rast gəlsən,  orada bitən meyvələrdən bir- ikisini gətir,   onu dadsam bütün dərdlərimə dərman olar,  bir yaşlı qadın isə diz çöküb torpağına layla deyir,  şəhid qanı ilə suvarılan torpağı öpür,  əlləri ilə onu sığallayır,  elə bil öz doğma balasını oxşayır.  Taleyin və müzəffər ordumuzun  bizə qismət etdiyi bu səhnələrə baxmaq mümkün deyil,  adamın ürəyi paramparça olur.

Sentyabrın 26-da ağdamlıları doğma şəhərlərində salamlayan Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov onlara şəhərin hazırkı vəziyyəti və burada həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verib.  Bildirib ki,  erməni işğalçıları işğal dövründə Ağdam şəhərini yer üzündən siliblər.  Bütün binalar,  infrastruktur,  qəbiristanlıqlar dağıdılıb,  yaşıllıqlar məhv edilib.  Ötən 30 ilə yaxın dövr ərzində məcburi köçkünlər doğma yurdlarına gəlmək həsrəti ilə yaşayıblar.  

44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  rəşadətli  Ordumuz tərəfindən işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə bu həsrətə son qoyulub.  Artıq işğaldan azad edilən ərazilərdə,  o cümlədən Ağdamda yeni  inkişaf,  quruculuq dövrü başlayıb.  Ağdamlıların doğma şəhərlərinə səfərlərinin təşkil edilməsi böyük qayıdışın bir hissəsidir.  Tezliklə Ağdam yenidən qurularaq regionun ən gözəl,  müasir bir şəhərinə çevriləcək və ağdamlılar öz şəhərlərində əbədi yaşayacaqlar.

Ağdamdakı  Qarabağ xanlığının imarəti.  Ermənilər nə qədər çalışsalar da, bu qədim yerdə izimizi silə bilməyiblər.  Elə bil cansız daşlar da işğalçılara,  xunta rejiminə,  saxta erməni tarixçilərinə qarşı döyüşüblər.  Əsrlərin yadigarı olan daşları,  qəbirüstü yazıları poza bilməyən erməni faşistləri türbələri,  qəbirləri dağıdıblar. Qarabağ xanlığının izlərini silməyə gücləri çatmayıb, nifrətlə çulğalanan əlləri ilə bu yerləri xarabalığa çevirən erməni faşizminin “mələk sifəti” budur.  Tariximizin yadigarlarına həyəcansız baxmaq mümkün deyil,  sanki daşlar da dil açıb deyir ki,  biz çox vəhşi,  şərəfsiz,  qəddar və qaniçən bir düşmənlə üz -üzəyik,  ermənilər qədim tariximizin bir parçası olan İmarətdə donuz saxlayıblar,  bu müqəddəs yerləri murdarlayıblar,  buradakı ağacları qırıblar. Yol yoldaşımız,  Ağdam şəhər sakini,  Qarabağ qazisi Elməddin Səfərovun uşaqlığı bu müqəddəs yerdə keçib,  qədim tariximizi yaşadan İmarət onun yaddaşından heç vaxt silinməyib.  Elməddin söhbət zamanı deyir:

-İmarət kompleksi ağdamlıların ən müqəddəs yerlərindən biridir.  Burada Qarabağ xanı Pənahəli xanın imarəti və xan ailəsinin qəbiristanlığı var.  Burada əsilzadələr - xan ailəsinin üzvləri dəfn edilib. Şəhərləri,  kəndləri dağıdaraq viran qoyan ermənilərin tarixi abidələrə,  qəbiristanlıqlara qarşı da həyata keçirdikləri vandalizmdən dəhşətə  gəldiyini  bildirir.  Burada gözəl meyvə bağı var idi.  Pənahəli xanın zamanında əkilmiş 14 ədəd Şərq çinarı bura xüsusi gözəllik verirdi.  İndi o bağdan,  qədim çinar ağaclarından əsər-əlamət qalmayıb.  Bütün ağaclar kəsilib aparılıb.   Ermənilər  Xanın imarətini və buradakı türbələri donuz saxlamaqla təhqir ediblər.  Buradakı xan ailəsinə məxsus qəbirlər dağıdılıb.  Ətrafda bir dənə salamat ev qalmayıb.  Bizim evimiz də İmarət kompleksinin yaxınlığında idi.  Ermənilər digər tikililər kimi,  bizim evimizi də dağıdıblar.  Ermənilərin törətdikləri vəhşiliklər insanı dəhşətə gətirir. Dünyanın heç bir yerində belə vəhşilik görünməyib.

Ermənilərin vəhşi sifəti hər addımda bizi müşayiət edir.  Yolları,  küçələri,  infrastrukturu,  parkları,  bağları,  evləri dağıdan erməni xuntası Ağdamı ona görə xarabalığa çevirib ki,  yerli əhali bir daha buralara qayıda bilməsin.  Erməni xuntası, dünya erməniliyi, daşnaklar Ağdamı yer üzündən ona görə siliblər ki,  keçmiş Dağlıq Qarabağla Azərbaycan arasında guya, neytral zona yaratsınlar. Yaxşı bir Azərbaycan atalar sözü var: ac toyuq yuxusunda darı görər.

Dünyanı taun və koronavirus xəstəliyi kimi təhdid edən ermənilərə ən yaxşı cavabı müzəffər Azərbaycan ordusu və Qalib Ali Baş Komandan İlham Əliyev döyüş meydanında  verdi. Buna qədər isə ermənilər yeni əraziləri işğal etmək həvəsinə düşmüş, Ermənistanla sərhəd bölgələrimizi və mövqelərimizi intensiv atəşə tutur, hərbçilərimiz və dinc sakinlər arasında itkilər olurdu. 2020-ci il sentyabrın 27-də düşmənin təxribatlarına qarşı Azərbaycan ordusu əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsində düşmən hesab edirdi ki,  ona kimsə kömək edəcək.  Onlar hesab edirdi ki,  onun bütün havadarları gəlib ermənilərin yerinə bizimlə vuruşacaq. Azərbaycan Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbirincə desək, düşmən bu barədə  səhv etdi,  həm də böyük səhv etdi.  Füzuli,  Cəbrayıl,  Hadrut,  Zəngilan,  Qubadlı,  Şuşa,  Suqovuşan,  Xocavənd rayonunun böyük hissəsi döyüş meydanında işğaldan azad olunandan sonra düşmən diz çökdü və bu gün də diz üstədir.  Biz düşmənin belini qırdıq,  biz şanlı Qələbə qazandıq.  Biz bütün dünyaya sübut etdik ki,  onların əfsanələri,  onların mifləri hamısı boş şeydir.  Düşmən ordusunda on mindən çox fərari var.  Əgər biz Ağdama planlaşdırdığımız əməliyyatı həyata keçirsəydik,  bax,  burada minlərlə erməni hərbçisi ya fərari olacaqdı,  ya da məhv olacaqdı.  Biz göstərdik ki,  döyüşkən xalq Azərbaycan xalqıdır.  Biz göstərdik ki,  heç vaxt bu işğalla barışmayacağıq.  Açsınlar baxsınlar mənim çıxışlarıma,  mən son 17 il ərzində bəlkə də min dəfə demişəm,  biz bu işğalla barışmayacağıq.  Hesab edirdilər ki,  bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaqlar. Yanıldılar!

Ağdama səfərimiz zamanı çox qəribə və eyni zamanda sehrli bir mənzərənin şahidi oldum.  Ermənilərin vəhşiliklə dağıtdıqları evlərin uçuq divarları arsında müxtəlif ağaclar bitib.  Ən çox da nar və əncir ağacları bura gələn ağdamlıları qarşılayır. Ani olaraq düşündüm ki, ermənilər Ağdamın bütün su mənbələrinin çoxunu qurudublar. Bəs,  onda bu ağaclar niyə qurumayıblar?! Anladım ki,  Ağdamın təbiəti də, ağacları da ermənilərə qarşı döyüşüb, nişanəmizin, izimizin, xatirələrimizin itməsinə imkan verməyib, Ağdam torpağı ağacları ilə düşmənə göz dağı verib. Nə qədər məhv etsələr də, yandırsalar da ağacların kökünü bu yerlərdən qopara bilməyiblər.

Bu dəhşətli mənzərəyə baxan, uzun illərdən sonra doğulub boya-başa çatdığı şəhərə gələn Rafiq Aslanov deyir:-Mən 28 il bundan əvvəl Ağdamdan çıxanda bura gözəl,  inkişaf etmiş bir şəhər idi.  İndi gördüklərimdən dəhşətə gəldim.  Sanki burdan hər hansı bir vəhşi qəbilə keçib.  Heç atom bombası atılan yer də belə olmaz. Ağdamla bağlı gözəl xatirələrinin olduğunu,  doğma şəhərini bir gün belə unutmadığını,  hər gün xəyalında,  yuxularında buranı  gəzdiyini bildirir.  Ağdamda tikinti idarəsində işləyirdim.  Evimiz Əşrəf Əliyev küçəsində beşmərtəbəli binada idi.  Ömrümün ən xoş günləri doğma şəhərimdə keçib.  İndi bu şəhərdən də,  evimizdən də əsər-əlamət yoxdur.  Evimizin bir daşı belə qalmayıb.  Ancaq buna üzülmürəm.  Əsas odur ki,  torpağımız azad edilib.  Yurdumuza qovuşduğumuz üçün sevinirik,  qürur hissi keçiririk.  Bu sevinci,  bu qüruru bizə bəxş edən Prezidentimizə,  ordumuza təşəkkürümü bildirirəm.

Ağdamın xarabalıqları bizi nə qədər ağrıtsa da torpaqlarımızın işğaldan azad edilməsi çox böyük təsəllimizdir, sevincimizdir, indi yer üzərində,  bizdən güclü adam ola bilməz.  Çox şükür ki, 30 ildən sonra ayaqlarımız doğma torpağın üstündədir.

Bir sözlə, Ağdamın işğaldan azad edilməsi ilə ağdamlıların dini-imanı özünə qayıdıb.  Onların hər biri deyir ki, Ağdam bizim üçün Məkkədir,  Mədinədir,  qibləgahdır.  30 ilə yaxın dövr ərzində həsrətdən hər birimizin qəlbində bir qala qurulmuşdu.  Bu gün bu həsrət sona çatıb.  Doğulub boya-başa çatdığımız doğma şəhərimizə qayıtdığımız üçün xoşbəxtik.

Vətən müharibəsində ordumuz düşmən üzərində qalib gəlməklə təkcə işğal altında olan torpaqlarımızı deyil,  həm də bizim şərəfimizi,  qürurumuzu geri qaytardı.  Biz bu qələbəyə Prezidentimizin qətiyyəti,  xalqımızın birliyi,  ordumuzun gücü sayəsində nail olduq. Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 gün ərzində həm ön cəbhədə,  həm siyasət meydanında,  həm də informasiya müharibəsində axıra qədər döyüşdü və qalib komandan kimi şanlı qələbəyə imza atdı.  Allah şəhidlərimizə rəhmət eləsin,  qazilərimizə cansağlığı versin.  Belə bir ifadə var - torpaq su ilə qarışanda palçıq,  qan ilə qarışanda Vətən olur.  Bizim torpaqlarımız şəhidlərimizin qanı ilə suvarılaraq daha da müqəddəsləşib. Şəhidlərimizin qanı yerdə qalmadı.

Düşmənlər Ağdamı tamamilə dağıdıb,  yerlə yeksan edib.  Yaşıllıqlar da məhv edilib.  Məscidimiz təhqir olunub. Vaxtilə Ağdamda iki Şəhidlər Xiyabanı olub. Ermənilər onları dağıdıblar, qəbirləri təhqir ediblər, goreşən kimi məzarları eşib dağıdıblar.  Burada həm Birinci Qarabağ müharibəsində şəhid olanlar,  həm də Xocalı soyqırımı zamanı qətlə yetirilən dinc sakinlər dəfn edilmişdi.  Görün biz necə vəhşi düşmənə qalib gəlmişik.  Artıq 30 ilə yaxın narahat olan şəhid ruhları da şaddır.

Ağdama yeni yollar çəkilir. Şose və dəmir yolları Ağdamın gələcək inkişafından, doğma şəhərə qayıdacaq insanların firavan həyatından xəbər verir. Səfərin təşkilinə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəliyi, Azərbaycan polisi, komitənin məsul əməkdaşı Elşən Əliyev, ağdamlı iş adamı Elbrus Səfərov ağdamlıların doğma rayona səfərinə göstərdikləri səmimi münasibət  hər birimizdə xoş təəssürat yaratdı.

Salman ALIOĞLU,

                                                             “Respublika”.