BİR TARİXDƏ ANILAN FƏDAİLƏR
Region

BİR TARİXDƏ ANILAN FƏDAİLƏR

Ölümü ilə əbədilik qazanan, doğum günləri bir tarixdə, eyni gündə və eyni istiqamətdə şəhid olan mingəçevirli Əzəmi Hüseynov və Nurlan Məmişovun ad günləri qeyd edildi. Yan-yana dəfn edilərək onlar öz cənnətlərində birgə uyuyurlar. 

Bu şəhidlərin qəhrəmanlığı Azərbaycan xalqı üçün, gəncləri üçün daim örnək olacaq, onlar bugünkü nəslə nümunə göstəriləcəklər. Əzəmi 3 bacının bir qardaşı idi. O, son mesajında da anasına, bacılarına, həyat yoldaşına ümidlər vermişdi. Arzularından da danışmışdı. Əslən şuşalı idilər. Ən böyük arzusu bayrağımızı Şuşaya sancmaq və sonra da evlərini ziyarət etmək idi. Fəqət qismət olmadı. Bütün insanların gözündən yaş gəlir, amma şəhid analarının ürəyi ağlayır, onların gözündən axan yaş bədənindəki bütün qanı, canı aparıb damcı-damcı yaxınlaşırdı  igid balasına. Məzarın başında bir gəlin də ağlayırdı. O gəlin ki, hər gün həyat yoldaşının məzarını ziyarət etdikdən sonra rahatlıq tapan, yarım sevgisi qalan  hələ orta məktəbdə oxuyanda bir-birilərini sevən və   institutu da birgə bitirib ailə həyatı quran Minayə xanım idi. Minayə xanım həyat yoldaşı Əzəminin son mesajlarını öz telefonunda qoruyub saxlayır, ömrünün axırına qədər onun yazdıqlarını unutmayacağını deyir və o sözləri hər gün təkrarlayır:-"İnsan böyüyər beşikdə, məzarda yatmaq üçün, qəhrəmanlar can verər, yurdu yaşatmaq üçün. Bir gün şəhid olsam, başını dik tut, mənimlə fəxr elə".                         

Şəhidin  mövluduna Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələri Sahib Əliyev, Seymur Hidayətov, şəhidin doğmaları, əsgər yoldaşları, şəhid valideynləri şəhidin oxuduğu MDU-nun müəllim, tələbə kollektivi də iştirak ediblər. Şəhidimizin doğum günündə ailə üzvləri ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sahib Əliyev  şəhər rəhbərliyinin adından şəhidlərin ailəsinə səmimi ürək sözlərini çatdırıb, Vətən uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, ailəsinə səbir diləyib.                                                       

 Əzəmi 1992-ci il avqustun 29-da Mingəçevir şəhərində anadan olub. 1999-2010-cu illərdə Mingəçevir şəhərində 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə isə Mingəçevir Dövlət Universitetini bitirib. Əzəmi Hüseynov 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Çavuş Əzəmi Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əzəmi Hüseynov oktyabrın 8-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əzəmi Hüseynov ölümündən sonra "Vətən uğrunda" “Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Valideynləri zərdablı olan Məmişov Nurlan İlqar oğlu 44 günlük Vətən müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərindəndir. Nurlan 29.08.2000-ci ildə Mingəçevir şəhərində anadan olub. Müharibə zamanı pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 08.09.2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlərdə şəhid olub. Məmişov Nurlan ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin.

Zabit XƏLİLOV,

“Respublika”.