Bir tərəfdə erməni barbarlığı, digər tərəfdə azərbaycanlıların tikib-qurmaq əzmi - beynəlxalq səyyahlar Ağdamda
Digər xəbərlər

Bir tərəfdə erməni barbarlığı, digər tərəfdə azərbaycanlıların tikib-qurmaq əzmi - beynəlxalq səyyahlar Ağdamda

Beynəlxalq səyyahlar qrupunun işğaldan azad edilmiş ərazilərə səfərinin sonuncu ünvanı Ağdam rayonu olub. Onlar Cəbrayılda Xudafərin körpüsü ilə tanış olduqdan sonra Ağdama gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini, mədəni və tarixi abidələrə, o cümlədən Ağdam Cümə məscidinə, Dram Teatrının qalıqlarına və yerlə bir edilmiş Şəhidlər xiyabanına baxış keçirilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdam şəhərinin yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb.

Yeni tikilən Konfrans Mərkəzi ilə tanış olan beynəlxalq səyyahlar, həmçinin Ağdamda həyata keçirilən quruculuq işləri barədə də məlumatlandırılıblar. Bildirilib ki, Azərbaycan qısa müddətdə, özü də heç bir xarici maliyyə dəstəyi olmadan xarabalıqlarda cənnət yaradır.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə səfər edən 30 nəfərlik heyətə 12 ölkədən - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyadan olan nüfuzlu səyyahlar daxildir.