Birgə hərbi təlimlər gücün nümayişidir
Siyasət

Birgə hərbi təlimlər gücün nümayişidir

Azərbaycan-Türkiyə birliyi özünün ən yüksək zirvəsindədir. İkitərəfli münasibətlərimiz bu gün hər iki ölkənin prezidentləri tərəfindən uğurla davam etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir. Birgə hərbi təlimlərin keçirilməsi də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının nümunəsidir.

Keçirilmiş birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçuları və bölmələri yüksək peşəkarlıq və bacarıq göstərir, birgə fəaliyyətlərin planlaşdırılmasında və icrasında qərargahların və bölmələrin şəxsi heyəti əvvəlki təlimlərdə əldə etdikləri təcrübələrini artırır, hər iki ölkənin milli maraqlarından irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdirir. "Qardaş yumruğu" adı verilən birgə hərbi təlimlər Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin daha bir simvoluna çevrildi.

"Bu təlimlərin adı "Qardaş yumruğu"dur. Bu, Türkiyə-Azərbaycan birliyinin növbəti təzahürüdür. Birliyimiz sarsılmazdır, əbədidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!". Bunu "Qardaş yumruğu" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə Azərbaycan  Prezidenti İlham Əliyev telefon zəngi ilə şəxsi heyəti təbrik edərkən bildirib.  Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimləri Şuşa Bəyannaməsinin şərtlərini özündə ehtiva edir. Hərbi sahədə şəxsi heyətin yeni bilik və bacarıqlara ehtiyacları daimi olduğundan bu tələbatın ödənilməsi davamlı xarakter daşıyır. Azərbaycan və Türkiyənin ortaq hərbi gücü bölgədə sülh və sabitliyin qorunmasının qarantıdır. İki qardaş ölkənin uzun illərdən bəri davam edən birgə təlimləri 44 günlük Vətən müharibəsində işğalçıya dərs, onun havadarlarına gözdağı olduğu kimi, birgə maraq və mənafelərimizin qorunması üçün bundan sonra da mövcud olacaq.

İki dövlətin hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə hərbi təlimləri qardaşlığımızın sarsılmazlığını bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim cənub sərhədləri boyu əraziləri əhatə edib. Təlimlər Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi sahədə əməkdaşlıq haqqında sənədlərə əsasən təşkil olunur. Qardaş ölkənin "F-16" hərbi təyyarələrinin səmamızda dövr etməsi qürurvericidir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi təlim iştirakçılarına ünvanladıqları müraciətlər hərbçilərimizi daha da ruhlandırır, onlara əlavə mənəvi güc verir. "Türkiyə və Azərbaycan bu hərbi təlimlərlə həmrəylik nümayiş etdirib. İnanıram ki, sizlər dostlara güc, düşmənlərə qorxu verdiniz" sözlərilə birgə hərbi təlimin iştirakçılarına müraciət edən qardaş ölkənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin heç kimin bizi bir-birimizdən ayıra bilməyəcəyini göstərdiyini vurğulayıb.

Prezident İlham Əliyevin noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda səsləndirdiyi "Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada,  bizim ordu da var" cümləsindən də düşmənlərimiz dərs çıxarmalı idilər. "Qardaş yumruğu" növbəti dərslərdən biri idi. Azərbaycanla Türkiyə böyük bir coğrafiyada təhlükəsizlik, sabitlik və sülhün qorunmasında birgə iştirak edir. Bu dostluq əbədi olaraq hər iki  xalqın rifahına xidmət edəcək. Türkiyə həm də  Vətən müharibəsindən sonra yeni geosiyasi konfiqurasiyada Cənubi Qafqazda daha da möhkəmlənib".

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən ötən il keçirilən "Mustafa Kamal Atatürk-2021" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərinin son mərhələsi hər iki ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə baş tutub. Sentyabr ayında  Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçirilib. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, sülh və müharibə dövründə əməliyyatlara hazırlanması, bilik və təcrübə mübadiləsinin aparılması idi. Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə hərbi təlimlərinin ardınca Pakistanın iştirakı ilə ilk dəfə olaraq hərbi təlimlərə start verilməsi isə üç ölkənin qardaşlıq münasibətlərini bütün istiqamətlərdə daha da möhkəmləndirmək əzmini göstərir. Təlimlərin adının "Üç Qardaş - 2021" olması da mühüm mesajdır. Çünki bu üç dost, qardaş ölkə hər zaman bir-birinə dəstək olub, beynəlxalq müstəvidə ortaq mövqe nümayiş etdiriblər. Tarix boyu mövcud olan qardaşlıq bağları bu gün də davam edir və gələcəkdə də yüksələn xətlə davam etdiriləcək. Eyni zamanda siyasi münasibətlərin inkişafı fonunda qardaşlıq münasibətlərinin, strateji ortaqlığın silahlı qüvvələr arasında da mövcudluğu vacib məqamdır.

Başqa bir əhəmiyyətli nüans bu təlimlərin ilk dəfə Azərbaycanda keçirilməsidir. Azərbaycanın bölgədə lider dövlət, real güc olaraq hərbi tədbirə evsahibliyi etməsi onun uğurlu inkişafının göstəricisidir. Türkiyə Avropada və bu coğrafiyada bir gücdür, Azərbaycan Qafqaz bölgəsinin, Pakistan isə Asiyanın gücüdür. Dolayısı ilə bu üçlüyün arasındakı körpü, hərbçilərin ortaq təlimləri, silah sistemlərinin sınaqdan keçirilməsi və ortaq qərarlılığın nümayişi həm Qafqazda sülh, təhlükəsizlik və sabitlikdir, həm də qlobal səviyyədəki bütün fəaliyyətlər üçün önəm daşıyır. Birgə hərbi təlimlər regionun müasir texniki təminatlı silahlı qüvvələrinin gücünü və səviyyəsini nümayiş etdirir. Birgə hərbi təlimlər mühüm təşəbbüsdür və regional təhlükəsizliyin təmin olunması üçün vacib əhəmiyyət daşıyır.

M.MUSTAFAYEV,

"Respublika".