Birləşdirən və şaxələnən yollar
Siyasət

Birləşdirən və şaxələnən yollar

Nəqliyyat sisteminin yenidən qurulması ilə ölkəmiz Avrasiyanın mühüm tranzit qovşağına çevrilir

Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi deyil, eyni zamanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısı kimi çıxış edir. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və yalnız Şərqlə Qərb arasında körpü rolunda çıxış etmir, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit rolunu oynayır.

Son illər ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Bu baxımdan, Prezident İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlanmasının əhəmiyyətini xüsusi vurğulayıb. İşğaldan azad olunmuş ərazilərdə yeni hava limanlarının tikintisi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur.

Bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir və bu amil hər zaman beynəlxalq birlik tərəfindən yüksək dəyərləndirilir. Ölkədə nəqliyyat sisteminin yenidən qurulması dövlətin məqsədyönlü siyasətinin tərkib hissəsi kimi həm daxili nəqliyyat infrastrukturunun inkişafına töhfə verir, həm də Azərbaycanı Avrasiyanın nəqliyyat qovşağına çevirir. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində yeni nəqliyyat dəhlizləri də yaradılır. Onlardan ən önəmlisi olan Türkiyə ilə Azərbaycan arasında birbaşa quru yolunu təmin edəcək Zəngəzur dəhlizi, eyni zamanda, tarixi İpək Yolunun inkişafına da töhfə verəcək. Bu mühüm marşrut, həm də vaxtilə Zəngəzur mahalının qanunsuz olaraq Ermənistana verilməsi nəticəsində Naxçıvanın blokadasına da son qoyacaq. Dəhliz, eyni zamanda Türkiyə və Rusiyanı Azərbaycan ərazisi vasitəsilə birləşdirəcək.

Xatırladaq ki, Azərbaycan tarixi İpək Yolunun bərpa olunması sahəsində - TRASEKA Proqramının hazırlanması və yaradılmasında yaxından iştirak etmişdir. Azərbaycan Respublikası 1993-cü ilin may ayında Brüsseldə keçirilmiş konfransda Avropa Komissiyasının TRASEKA Proqramının yaradılmasının təşəbbüskarı olan keçmiş SSRİ-nin 8 ölkəsindən biri olmuşdur. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də Bakı şəhərində 9 ölkənin (Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstan) dövlət başçısı, 13 beynəlxalq təşkilat və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Bu konfransın yekununda Avropa İttifaqının TRASEKA Proqramı əsasında Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. Əsas Çoxtərəfli Sazişin müddəalarına uyğun olaraq TRASEKA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Bakı şəhərində yerləşdirilməsi qərara alınıb və 2001-ci il fevralın 21-də rəsmi açılışı olub. Beləliklə, Azərbaycan tarixi İpək Yolunun bərpa edilməsinə öz töhfəsini verməklə əsas inkişaf trayektoriyalarının müəyyənləşdirilməsində mühüm rol oynayıb. Hazırda Azərbaycan Çinin təşəbbüsü ilə gerçəkləşən "İpək Yolu iqtisadi kəməri" layihəsinin iştirakçısıdır.

2015-ci ilin dekabrında Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviq edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. XXI əsrin ilk onilliyində Azərbaycanla Çin arasında iqtisadi hədəflərdən biri də Bakı-Tbilisi-Qars nəqliyyat yolu oldu. Bu yol Çinin Xəzər hövzəsi və Mərkəzi Asiyadakı diqqətçəkən layihələrdə iştirakını daha da fəallaşdırdı. TRASEKA layihəsi çərçivəsində reallaşan Şərq-Qərb nəqliyyat dəhlizi Çin üçün daha cəlbedici yatırım məkanına çevrildi. Məhz bu dəhliz bu gün Çin və Orta Asiya məhsullarını ən qısa zamanda Qərbi Avropa ölkələrinə çatdırmaq potensialına malikdir. Burada bir məqama xüsusi diqqət yetirmək lazımdır. Belə ki, bu, "Dəmir İpək yolu"nun iqtisadi əhəmiyyətindən əlavə, regionda sülhün, əmin-amanlığın qorunmasına verəcəyi töhfə ilə bağlıdır. Dövlətimizin başçısının 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında imzaladığı sərəncamda da həmin amil önə çəkilib. Sənəddə qeyd edilir ki, Azərbaycanın tarixi İpək Yolunun bərpası çərçivəsində həyata keçirilən və geniş perspektivi olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması məqsədini daşıyan TRASEKA proqramının mühüm iştirakçılarından birinə çevrilməsi bütün iqtisadi səmərələrdən əlavə, həm də Qafqazda sülhün dayanıqlı olmasına xidmət edən zəruri amildir.

Zəngəzur dəhlizi fikir və müzakirə mövzusundan konkret əməli müstəviyə keçməkdədir. 30 illik işğala 44 gün ərzində son qoyulması ilə yekunlaşan Vətən müharibəsindən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev azad edilən ərazilərdə Zəngəzur dəhlizi vasitəsilə nəhəng kommunikasiya layihələrinin gerçəkləşəcəyini bəyan etdi. Bu dövrdə respublikamızın Cənub Qaz Dəhlizi boru kəmərinin çəkilməsində, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında aparıcı rol oynaması, nəhəng beynəlxalq nəqliyyat və logistika layihələrinin reallaşdırılmasında fəal iştirakı Azərbaycanın nəqliyyat potensialını gücləndirmiş, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmişdir.

Avrasiya məkanının enerji və nəqliyyat xəritəsinin dəyişməsində liderlik mövqeyini qoruyan Azərbaycan regionun və bölgədən uzaqda olan ölkələrin enerji təhlükəsizliyinə töhfələr verən böyük fəaliyyət strategiyası yaratdı, nəqliyyat-kommunikasiya, logistika infrastrukturunun inkişafında əsas idarəedici rola sahib olduğunu təsdiqlədi. Hazırda yeni geosiyasi reallıqlar Avrasiyanın tranzit və logistika mənzərəsini keyfiyyətcə yenidən formalaşdırıb. O da aydındır ki, Azərbaycan bu dəyişikliklərin əsas mərkəzinə çevrilir, çünki son aylarda Avropa, Mərkəzi Asiya, Rusiya, İran, Çinin logistika şirkətlərindən müraciətlərin sayında xeyli artım müşahidə olunur. Yaponiya ölkəmizin ərazisi ilə tranzit marşrutlarının yaradılması təşəbbüsü ilə çıxış edir.

Bu gün yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyinin önəmli məsələ olduğunu vurğulayan Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana səfəri zamanı mətbuat konfransında deyib: "Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır, - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, - bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar".

Nəqliyyat sektoru təkcə iqtisadi, nəqliyyat sahəsində əməkdaşlıq baxımından deyil, həm də ümumilikdə regionda sabitlik və təhlükəsizlik baxımından da ümidverici sahədir. Fəaliyyət göstərdiyi ötən illər ərzində TRASEKA Proqramı üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr vermişdir.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirakı və orada irəli sürdüyü fikirlər bir daha sübut etdi ki, ölkəmiz yalnız regional deyil, həm də beynəlxalq siyasi aləmdə öz sözünü deyən, eləcə də bir sıra uğurlu təşəbbüslərlə çıxış edən dövlət olaraq tanınır, qəbul olunur və yüksək dəyərləndirilir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoqun tərəfdaşı kimi ŞƏT məkanında keçirilən tədbirlərdə fəal iştirak edir. ŞƏT-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın maraqlarına tam cavab verir. Bu, ölkəmizin beynəlxalq əlaqələrində yeni səhifə açmaqla yanaşı, onun siyasi, iqtisadi və digər mühüm parametrlər baxımından daha da güclənməsi deməkdir.

Mustafa KAMAL,

"Respublika".