Digər xəbərlər

"Birləşmiş Krallığın xarici siyasət prioritetləri" mövzusunda müzakirələr

Fevralın 22-də ADA Universitetinin və Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə "Birləşmiş Krallığın xarici siyasət prioritetləri" mövzusunda müzakirələr keçirilib.

Bununla bağlı verilən açıqlamada bildirilir ki, müzakirədə çıxış edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti ölkələrimiz arasında əməkdaşlığın əvvəllər daha çox enerji resurslarına əsaslansa da, indi müxtəlif sahələri əhatə etdiyini, gələcəkdə isə daha da şaxələnəcəyini bildirib. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən danışan nazir qeyd edib: "Azərbaycanın təhlükəsizliyi bizim üçün Britaniyanın təhlükəsizliyi qədər vacibdir".

Ölkəmizin, həmçinin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini söyləyən nazir diqqətə çatdırıb ki, rəsmi Azərbaycan enerji və nəqliyyat sahəsində vacib rol oynayır.

Müzakirədən sonra jurnalistlərə açıqlama verən Leo Dokerti deyib: "Biz Azərbaycanla Ermənistanı sülh prosesinin və danışıqların davam etdirilməsinə çağırır və bunu təşviq edirik. Biz inanırıq ki, irəliyə getməyin ən yaxşı yolu bütün tərəflərin müsbət mühitdə müzakirələr aparmasıdır. Biz açıq şəkildə bildirmişik ki, bu proses davam edərsə, onun çoxlu dividentləri və faydası olacaq. Hər kəs sülhün olduğu gələcək istəyir. Böyük Britaniya olaraq biz bütün tərəfləri gələcək sülh prosesində səmimi şəkildə iştirak etməyə çağırırıq".

O bildirib ki, gələcək sülh əməkdaşlığa, dezeskalasiyaya və münasibətlərin normallaşmasına əsaslanır. Nazir qeyd edib ki, iqtisadi inkişaf üçün azad olunmuş ərazilərdə minaların təmizlənməsi və yaşayışın bərpası lazımdır, bu, dayanıqlı sülhə imkan yaradacaq. "Ümid edirik ki, Qafqaz regionunda liderlər birlikdə dezeskalasiya üçün və gələcək sülh üçün çalışa bilərlər. Çünki bu, xalqların da istədiyidir", - deyə Dokerti vurğulayıb.

Azərbaycanla Böyük Britaniya arası

ndakı əlaqələrdən danışan nazir deyib ki, iki ölkənin münasibətləri yüksək səviyyədədir. Böyük Britaniyanın Azərbaycanla xüsusilə neft-qaz sahəsində uzunmüddətli əlaqələri var. "BP" şirkəti Azərbaycanda ən böyük xarici investordur. "Uzun illər bu sahədə çox uğurlu əməkdaşlığımız olub. Lakin təbii ki, münasibətlərimiz yalnız bu sahəni əhatə etmir. Təhsil, bərpaolunan enerji, digər biznes sahələri, inşaat və başqa sahələri də qeyd edə bilərəm. Azərbaycanın çox mürəkkəb qonşuları var, lakin ölkəniz çox məsuliyyətlə hərəkət edir. Biz Azərbaycanla mövcud münasibətlərimizi çox yüksək dəyərləndiririk. Azərbaycan çox dəyərli və etibarlı tərəfdaşımızdır", - deyə Leo Dokerti diqqətə çatdırıb.

M.MUSTAFAYEV,

“Respublika”.