BİRLİYİN TƏNTƏNƏSİ
Siyasət

BİRLİYİN TƏNTƏNƏSİ

27 sentyabr – Vətənin öz övladlarını səslədiyi tarixi gün. Vətən oğlu qorxunun nə olduğunu bilmədən “Qarabağ Azərbaycandır!”, “Ya Qarabağ, ya ölüm!” amalı uğrunda doğma torpaqlarının müdafiəsinə qalxdı,  düşmən əsarətində qalan ulu yurdunu azad etməyə can atdı.

“Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə döyüşə çağrılan hər kəs  bir an belə tərəddüd etmədən Ana Vətənin səsinə səs verdi.  Bu yol Qarabağa idi, Azərbaycanın cənnət guşəsi Şuşaya.

 “Təki Vətən sağ olsun!” deyib gözünü belə qırpmadan öz canını müqəddəs torpaq uğrunda fəda edən oğullarını tanıdı Vətən. Onların qorxmazlığı cəsurluğu, vətənpərvərliyi ata-ana fəryadından üstün gəldi.

44 günlük Vətən müharibəsi  dünya azərbaycanlılarının qanla yazılmış həmrəylik dastanı oldu. Bu elə bir həmrəylik idi ki, etnik mənsubiyyətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan hər kəsin fikri düşmənlə döyüşən, onları iti qovan kimi qovan əsgərlərimizin yanında idi. Bütöv bir xalq bu 44 gündə yaralananla yaralandı, şəhid olanla şəhid oldu, zəfərə yürüyənlə zəfər çaldı. Bu, özünü sadəcə düşüncədə deyil, həm də əməldə göstərirdi. Bu, bir daha onu göstərdi ki, Azərbaycan xalqının birliyi heç vaxt pozulmaz, çünki bu birlik uğrunda neçə-neçə igidlərimiz öz canından keçməkdə tərəddüd belə etmədilər.

Müasir Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuz zəngin maddi-texniki bazaya, ən yeni və qabaqcıl silahlara malikdir. Lakin danılmaz faktdır ki, hər hansı bir ordunu yenilməz edən təkcə silah və texnikanın gücü deyil. Qalibiyyət qorxmaz, vətənpərvər, cəsur əsgərlərin hesabına qazanılır. Azərbaycan əsgərinin ən güclü silahı isə onun  vətənpərvərliyidir.

Döyüş meydanında rəzil vəziyyətində qalan düşmənin də güclü hərbi texnikası var idi. Lakin həmin texnikanı idarə edən əsgərlərin ürəyində uğrunda döyüşdükləri torpağa qarşı hər hansı arzu, hər hansı sevgi yox idi. Şah İsmayıl Xətainin təbirincə desək, qılınc həmin qılınc idi, qol həmin qol deyildi.

44 gün davam edən şanlı hərbi əməliyyatın “Dəmir yumruq” adlandırılması da təsadüfi deyil. Çünki “Dəmir yumruq” Azərbaycan xalqının iradəsini, dövlətimizin, ordumuzun gücünü, Xalq-Prezident-Ordu birliyini təcəssüm edirdi. “Dəmir yumruğ”un gücü isə adi yumruq gücü deyil. Bunu möhtərəm Prezidentimiz İlham Əliyev də keçən il noyabrda Şəhidlər Xiyabanında Azərbaycan xalqına etdiyi müraciətində bildirmişdi: “Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, “Dəmir yumruq”dur. Bu “Dəmir yumruq”la düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq”.

Bununla yanaşı, Ali Baş Komandan hər çıxışında bildirirdi ki, ən son texniki nailiyyətlərdən istifadə etmək hələ üstünlük demək deyil, Azərbaycan döyüş meydanında qazandığı üstünlüyü məhz öz əsgərinə borcludur. Düşmənin bildiyi yollardan irəliləmək yerinə, daha çətin, daha ağır yolla zəfərə addımlayan igidlərimiz düşməni heç gözləmədiyi anda yaxalamağı bacara bildilər. Hələ bundan yüz illər sonra da xatırlanacaq olan Şuşa Zəfəri məhz o sıldırım qayalardan dırmanan oğulların əməyinin bəhrəsi idi. Mədəniyyətimizin beşiyini azad edərkən əsgərlərimiz heç bir ağır artilleriyadan istifadə etmədən Vaqifin yurduna yenidən ayaq basmağa nail oldular. Bu cəsur ordu heç bir şeydən qorxmadı. Sonu ölüm, şəhidlik olsa belə torpaqlarımızı azad etmək, Azərbaycana əsrin qələbəsini qazandırmaq kimi missiyanı cəsarətlə yerinə yetirdi. Bu böyük qələbəni isə dövlət başçısının dediyi kimi, bizlərə qəhrəman Azərbaycan əsgərləri bəxş etdi. Bu gün əminliklə deyə bilərik ki, Şuşa Zəfəri Azərbaycan əsgərinin ən yüksək qəhrəmanlıq nümunəsidir.

Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Çünki şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü yenidən təmin etmişdir. Artıq Azərbaycan torpaqları illərdir həsrət qaldığı Tərtər çayının sularına qovuşub. Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha gur axacaqdır. Araz nəğməsini daha həzin oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır.  

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!

Hüseyn İRZAYEV,

Şirvan Apelyasiya Məhkəməsinin məhkəmə iclas katibi.