Birtərəfli və qərəzli mövqe
Digər xəbərlər

Birtərəfli və qərəzli mövqe

Vətən müharibəsi qələbəmizlə başa çatdı, 10 noyabr Bəyanatından sonra Rusiya sülhməramlı kontingenti bölgəyə yerləşdirildi. Təbii ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarından başlıca gözlənti 10 noyabr Bəyanatının müddəalarının həyata keçirilməsinə dəstək vermələri idi.

Üçtərəfli Bəyanatın 4-cü bəndinə əsasən, sülhməramlı kontingent Azərbaycanın Qarabağ bölgəsinə yerləşdiriləndə paralel olaraq qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməli idi. Bir müddət əvvəl, Laçın rayonundakı Sarıbaba yüksəkliyinin şimal hissəsində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılan minaların aşkarlanması faktı növbəti ciddi və sülhün bərqərar olunması ideyasına zidd hadisədir. Bu, Laçın yolu vasitəsilə separatçı qüvvələrə silah-sursat daşınmasını təsdiq edir.

Rusiya kontingenti sülhü qorumaqla həm də tərəflər arasında etimadın yaradılmasını təmin etməlidir. Bunun üçün onlardan ilk növbədə, neytrallıq nümayiş etdirmələri tələb olunur. Azərbaycanın yaşayış məntəqələrinin qondarma erməni adları ilə təqdim edilməsi böyük yanlışlıqdır. Ağdərə və Xocavənd rayonlarının Rusiya Müdafiə Nazirliyi tərəfindən "Mardakert" və "Martuni" kimi qeyd olunması ermənilərin Azərbaycan xalqının tarixi toponimlərini dəyişdirmək cəhdlərinə dəstək verməklə yanaşı, iki ölkə arasında müttəfiqlik münasibətlərinə də kölgə salır. Çünki yaxşı məlumdur ki, toponim məsələsi Azərbaycan üçün həssas bir amildir.

Azərbaycan isə haqlı olaraq öz ərazilərində, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi rayonlarında qanunsuz hərbi birləşmələrin, qondarma qurumların və toponimlərin möcvudluğunu qəbul etmir. Bununla yanaşı, Azərbaycan Ordusunun atəşkəsi pozmasına dair böhtan xarakterli məlumatlar yayılır. Sarıbaba yüksəkliyində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılan minaların aşkarlanmasında Rusiya sülhməramlı kontingentinin komandanı iştirak etsə də, Rusiya MN-in hesabatında bu fakt əksini tapmayıb. Təbii ki, belə faktlar çoxdur. Elə bu səbəbdən də separatçı rejim Rusiya sülhməramlılarının bölgədəki mövcudluğuna arxalınır, de-fakto vəziyyətin davam etdirilməsinin qarantı kimi qəbul edir. Qanunsuz erməni dəstələri Xankəndinin bir addımlığındakı Azərbaycan hərbçilərinə atəş açmasının məqsədi də Qarabağda gərginliyin davam etdirilməsi görüntüsü yaratmaqdır.

Məsələ burasındadır ki, həmin dəstələrə heç bir təzyiq göstərilmir. Əksinə, ordumuzla bağlı reallıqdan kənar məlumatlarla, tarixi Azərbaycan toponimlərini qondarma adlarla təqdim etməklə neytrallıq pozulur, xoşagəlməz ab-hava yaradılır.

Gün kimi aydındır ki, həm Ermənistan rəhbərliyi, həm də Qarabağdakı separatçı tör-töküntülərin hazırda yeganə məqsədi bölgədə dayanıqlı sülhə və təhlükəsizliyə təhdidlər yaratmaqdır.

Qarabağın dağlıq hissəsinin Azərbaycanın ərazisi olduğu BMT tərəfindən təsdiqlənsə, beynəlxalq səviyyəli parlament assambleyaları da həmin ərazilərin Azərbaycana məxsusluğunu rəsmən bildirsə də, 2020-ci il 10 noyabr Bəyanatına hörmətsizlik nümayiş etdirilməsi də maraq doğurur. Axı, erməni revanşist qüvvələri bundan ruhlanaraq bölgədə sülhə, əmin-amanlığa təhdid yaradırlar. Azərbaycan regionda sülh şəraitinin yaranması üçün təşəbbüs göstərsə də, bu pozuculuq, vəziyyəti gərginləşdirmək cəhdləri sülhə böyük zərbədir. Dekabrın 13-dən etibarən Azərbaycan QHT-lərinin Qarabağda keçirdiyi aksiya birmənalı şəkildə yuxarıda qeyd etdiyimiz problemlərin mövcudluğundan irəli gəlir.

QHT nümayəndələri, ekofəallar sülhməramlı qüvvələrin rəhbərləri ilə görüşmək, bölgədə sərvətlərimizin mənimsənilməsinə, ətraf mühitə dəyən ziyanın müəyyənləşdirilməsinin təmin edilməsinə şəraitin yaradılması və s. tələblərlə çıxış edirlər. Həmçinin ekoloji nəticələrin pisləşdiyi "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yatağına buraxılmayanədək oradan getmək fikrində olmadıqlarını bildirirlər. Bütün bu proseslərə görə isə ən böyük məsuliyyət Vardanyanın da qatıldığı separatçı rejimin üzərinə düşür.

Zümrüd QURBANQIZI,

"Respublika".