Bişkekdə sərgi və konsert təşkil olunub
Diaspora

Bişkekdə sərgi və konsert təşkil olunub

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfirliyi mayın 10-da Bişkekdə sərgi və konsert təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Qırğızıstanın Xalq artisti Cumakadır Kanimetovun dirijorluq etdiyi konsertdə A.Maldıbaev adına Akademik Opera və Balet Teatrının akademik simfonik orkestrinin ifasında Azərbaycanın görkəmli bəstəkarlarının əsərləri ifa olunub.

Konsertdə Nazirlər Kabineti sədrinin müavini, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın Qırğızıstan tərəfdən həmsədri Bakıt Torobayev, keçmiş xarici işlər naziri, deputat Çingiz Aydarbekov, deputat Arslanbek Maliev, Qırğızıstan Ali Sovetinin sabiq sədri, Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Medetxan Şerimkulov, Çingiz Aytmatov adına Beynəlxalq Fondun prezidenti Eldar Aytmatov, Azərbaycanın Dostları Klubunun prezidenti, Çingiz Aytmatov adına İssık-Kul Forumunun baş katibi, Xalq artisti Assol Moldokmatova, Bişkekdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, Qırğız-Türk Manas Universitetinin rektoru, Heydər Əliyev adına 20 nömrəli gimnaziyanın və Nizami Gəncəvi adına 103 nömrəli məktəbin direktoru, müəllimləri və şagirdləri, Azərbaycan diasporunun, yerli ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov tədbirdə çıxış edərək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin hər kəsə örnək olan fəaliyyətindən söz açıb, dahi şəxsiyyətin Ümummilli Lider kimi doğma xalqının taleyindəki rolundan danışıb.

Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Bakıt Torobayev çıxışında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib.

Konsert proqramı böyük maraqla qarşılanıb.