“Bizdə nifrət hissi yoxdur”. “Arqumentı i faktı” müxbiri Qarabağdan yazıb
Digər xəbərlər

“Bizdə nifrət hissi yoxdur”. “Arqumentı i faktı” müxbiri Qarabağdan yazıb

Rusiyada çıxan “Arqumentı i faktı” qəzetində “Bizdə nifrət hissi yoxdur”. “Arqumentı i faktı” müxbiri Qarabağdan xəbər verir” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Arqumentı i faktı” həftəliyinin şərhçisi Vladimir Polupanov başqa jurnalistlərlə birlikdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində press-turda olub və bu səfər barədə təəssüratlarını oxucularla bölüşüb.

V.Polupanov məqalədə “Zəfər yolu”nu təsvir edir. Jurnalist yazır: “Zəfər yolu”nun (Əhmədbəyli-Füzuli-Şuşa) kənarlarında plakatlar diqqətimizi cəlb etdi. Orada xəbərdarlıq edilir ki, ilk baxışda dinc təsir bağışlayan sahələr minalanıb. Ölümsaçan “sürprizlər” barədə xəbərdarlıq edən qırmızı-ağ məhdudlaşdırıcı lentlə qeyd olunmuş yerlər çoxdur. Yeri gəlmişkən, iyulun əvvəlində Ermənistan öz hərbi əsirlərinin dəyişdirilməsi müqabilində işğal dövründə Azərbaycana məxsus ərazilərdə basdırılmış 92 min minanın xəritəsini təqdim edib. Lakin bu rayonların tam təhlükəsiz olması üçün istehkamçılar hələ illər boyu işləməli olacaqlar”.

Məqalədə daha sonra Zəngilan rayonunda aparılan tikinti işləri, Birinci Qarabağ müharibəsi dövründə dağıdılmış Ağalı-1, Ağalı-2 və Ağalı-3 yaşayış məntəqələrinin yerində Ağalı “ağıllı kəndi” salınması barədə söhbət açılır. V.Polupanov yazır: “İnşaatçılar 2022-ci ilin baharına qədər 1990-cı illərin əvvəlində bu əraziləri tərk etmiş qaçqınlar üçün 200 “ağıllı ev” tikməyi vəd edirlər (buraya cəmi 390 ailənin köçürülməsi nəzərdə tutulur). Onlara bu evlər pulsuz veriləcək. Qəsəbədə yalnız Günəşin, küləyin və suyun köməyi ilə ekoloji təmiz enerjidən istifadə etmək planlaşdırılır”.

“Arqumentı i faktı” icmalçısı II Dünya müharibəsi dövründə həlak olmuş döyüşçülərə Cəbrayılda ucaldılmış abidəni də ziyarət edib. Müəllif həmin monumentdə sovet döyüşçülərinin atəşə tutulmuş simalarına diqqəti cəlb edir. Məqalədə deyilir: “Görünür, kimsə bu yolla qonşuluqda yaşayan iki xalqın ortaq tarixinin səhifələrini sadəcə yaddaşdan silmək istəyib”.

V.Polupanov daha sonra Azərbaycan sərhəd zastavalarının birinin yaxınlığında gördüyü mənzərə barədə təəssüratlarını bölüşür: “...Azərbaycan tərəfin sərhəd zastavalarından birinə düşmək üçün dağın yamacı ilə çətinliklə yuxarıya doğru sürünürük. Yaxın getməyə icazə vermirlər, təqribən 200 metr aralıda dayanırıq. Balaca vaqonlar yaxşı görünür. Hərbçilərin dediyinə görə, orada mətbəxdən başlamış duşa qədər hər cür şərait var. Dirəkdə Azərbaycan bayrağı asılıb. Təqribən 500 metr aralıda Ermənistan sərhədi, Ermənistan bayrağı asılmış sərhəd postu görünür. Bu dağların arxasında Ermənistanın Qafan şəhəri yerləşir”, - jurnalist azərbaycanlı hərbçinin sözlərini sitat gətirir.

“Arqumentı i faktı” şərhçisi Qarabağın ikinci ən böyük yaşayış məntəqəsi olan Şuşaya da səfər edib. Məqalədə deyilir: “Orada da böyük tikinti işləri gedir. Şəhər dəhşətli vəziyyətdədir. Doğrudur, bizim gəlişimizlə əlaqədar elektrik və su təchizatı bərpa olunmuşdu. Məscidlərdə və bütün mədəni obyektlərdə bərpa prosesi gedir. Bütün şəhərdə iki ərzaq mağazası, iki çörək sexi və iki bankomat işləyir”.

V.Polupanov bütün məcburi köçkünlərin yaşadıqlarının oxşar olmasından söhbət açaraq yazır: “...1990-cı illərdə onların evləri Yerevanın nəzarətində olan ərazidə qaldı. Bu evlərin çoxu qismən dağıdılıb, bəzilərindən təkcə divarlar qalıb. Rizvan adlı yerli sakindən soruşuram: “Ermənilərə nifrət edirsinizmi?” Rizvan deyir: “Bizim ölkəmizdə istər erməni, istər rus və ya gürcü olsun - hamı dinc yaşayır. Sovet dövründə biz çox səmimi yaşayırdıq. Mən məktəbin basketbol komandasında oynayırdım. Bu komandada cəmi bir erməni var idi - mənim dostum Samvel. Biz Xankəndiyə turnirlərə gedəndə demək olar ki, bütünlüklə ermənilərdən ibarət komandalarla oynayırdıq. Aramızda ciddi rəqabət vardı, lakin bu, idman rəqabəti idi. 1990-cı illərdə hər şey dəyişdi. Onilliklər boyu dinc, yanaşı yaşayan qonşular bir-birinə düşmən oldu. Lakin bu gün mənim qəlbimdə nifrət hissi yoxdur”.

V.Polupanov həmin yerli sakinin dediklərini sitat gətirir: “Mən 1960-cı ildə doğulmuşam və 1992-ci ilə qədər Şuşada yaşamışam, - Rizvan gözləri dolmuş halda sözünə davam edir, - mənim evim dağıdılıb, lakin orada indiyə qədər bizim pianinomuz və hətta mebelin bir hissəsi də qalıb, o da yararsız vəziyyətə düşüb. Bizi hələ buraya buraxmırlar, lakin mən hökmən buraya qayıdacağam. Mənim fikrimcə, yollar açılan kimi bizim öz evlərimizə qayıtmağımıza icazə veriləcək”.

Məqalədə Füzuli şəhərində beynəlxalq aeroport tikilməsindən də bəhs edilir.

V.Polupanov yazır: “Bakıya qayıdarkən yolüstü daha bir obyektə - Füzuli şəhərində tikilməkdə olan beynəlxalq aeroporta baş çəkdik. Burada gecə-gündüz iş gedir. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda xanlığın keçmiş vəziri Vaqifin poeziyasına həsr edilmiş festival keçirilməsi barədə tapşırıq verib. Yeni aeroport artıq bu ilin payızında festivalın qonaqlarını qəbul etməlidir. Onu da qeyd edək ki, aeroportun tikintisinə yanvar ayında başlanıb”.

AZƏRTAC