Sosial həyat

"Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib

Dekabrın 28-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə aksiyasında iştirak edib.

Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə aksiyasında iştirak edib

Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil edilib. Leyla Əliyeva uşaqlarla birgə musiqi sədaları altında yolka ətrafında dövrə vurub, balacalara bayram hədiyyələri təqdim edib, onlarla şəkil çəkdirib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhval-ruhiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib.

Yenilənmiş həyət Nizami rayonu, Qara Qarayev prospekti 12, 14, 16, 18, Özbəkistan küçəsi 8, 6, Azər Manafov kücəsi 3, 5, Kamil Balakişiyev küçəsi 8a, 11, 15 ünvanlarında 1400 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edir.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol və basketbol, şahmat meydançaları, tennis masası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. İsti günlərdə uşaqların əylənməsi üçün fəvvarə tikilib, 300 metr uzunluğunda velosiped yolu çəkilib. Eyni zamanda, ərazidə 11 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 450 ədəd müxtəlif cinsli ağac və kol əkilib, 4 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Sakinlər Səkinə Məmmədova və Zemfira Mehdiyeva həyətlərinin tamamilə dəyişdiyini, bütün yaş qruplarının istirahəti üçün şərait yaradıldığını bildiriblər. "Yeni ilə abad həyətlə keçəcəyimiz üçün sevincliyik. Yenilənmiş həyət sakinlər üçün əsl bayram hədiyyəsi, Leyla Əliyevanın iştirakı isə ikiqat sevinc oldu. Prezident İlham Əliyev və onun ailə üzvləri daim xalqın yanında olur, vətəndaşların qayğıları ilə maraqlanır, onlara çatdırılan problemləri həll edirlər. Ölkə başçısı və ailə üzvlərinə xeyirxah missiyaları uğurla yerinə yetirdiklərinə görə minnətdarlığımızı bildirir, qarşıdan gələn bayramlarını təbrik edirik", - deyə sakinlər qeyd ediblər.

Qeyd edək ki, "Bizim həyət" layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Həmin layihə çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

 

 

AZƏRTAC