Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın növbəti görüşü keçirilib
İQTİSADİYYAT

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın növbəti görüşü keçirilib

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və İnnovasiyalar üzrə İşçi qrupunun növbəti görüşü keçirilib.

Texnologiya və innovasiyalar üzrə İşçi qrupunun rəhbəri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov iclası açıq elan edərək müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib.

Komissiyanın iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və digər vətəndaş institutlarının nümayəndələri iştirak ediblər.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iştirakçılar tərəfindən Refinitiv bazaya çıxışın əldə olunması, "İnzibati icraat haqqında" Qanuna, Vençur və kraudfandinq fəaliyyəti ilə bağlı mövcud qanunvericiliyə dəyişiklik edilməsi ilə əlaqədar hazırlanmış normativ-hüquqi akt layihələri, Azərbaycan elmi istinad indeksinin tətbiqi imkanları, "Qlobal İnnovasiyalar İndeksi" üzrə 2021-ci il hesabatına əsasən ölkənin mövqeyinə təsir edən subindekslərin yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb.

Eyni zamanda, https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə özəl sektor nümayəndələrinin və vətəndaşların İşçi qrupunun fəaliyyətinə cəlb edilməsi, müzakirələrə aktiv qoşulması imkanları barədə danışılıb.

Sonda ölkənin mövqeyinin Qlobal Rəqabətlilik və Qlobal İnnovasiyalar indeksləri üzrə yaxşılaşdırılması istiqamətində müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Texnologiya və İnnovasiyalar üzrə İşçi qrupunun növbəti iclasında iştirak etmək istəyən şəxslər https://azranking.az/online-apply onlayn müraciət bölməsi vasitəsilə müraciət edə və müzakirələrə qoşula bilərlər.

AZƏRTAC