Biznesə yeni dəstək
İQTİSADİYYAT

Biznesə yeni dəstək

Sahibkarlığın İnkişafı Fondu tərəfindən biznesə yeni dəstək mexanizminin tətbiqinə başlanılıb. Bu mexanizm çərçivəsində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara banklar və digər kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması nəzərdə tutulur.

Sahibkarlığın İnkişafı Fondunun mətbuat xidmətindən verilən məlumata görə, ilkin olaraq, şəkər tozu, günəbaxan yağı, marqarin, kərə yağı, un və makaron məmulatları emal məhsullarının istehsalı ilə məşğul olan sahibkarların həmin fəaliyyət növləri üzrə xammal tədarükü ilə bağlı aldıqları kreditlərin subsidiyalaşdırılması həyata keçiriləcək.

Qeyd edək ki, yeni mexanizm ölkədə antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tətbiq olunur. Qərara əsasən, sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən, müddəti və faiz dərəcəsindən asılı olmayaraq, məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kreditlərin faizlərinin 10% bəndinə qədər hissəsi 12 ayadək subsidiyalaşdırılacaqdır.

Bəybala BƏYBALAYEV,

"Respublika".