BMT-nin ali nümayəndəsi: Füzuli rayonunda gördüyüm mənzərə məni dəhşətə gətirdi
MÜSAHİBƏLƏR

BMT-nin ali nümayəndəsi: Füzuli rayonunda gördüyüm mənzərə məni dəhşətə gətirdi

Füzuli rayonunda gördüyüm mənzərə məni dəhşətə gətirdi. Bu yerlərin dağıntılara məruz qalması, ərazilərin tarixi-mədəni, dini irsinin yerlə-yeksan edilməsi, müqəddəs məkanların təhqir olunması qəbuledilməzdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ermənistanın işğalından azad olunmuş Füzuli rayonuna səfər zamanı jurnalistlərə açıqlamasında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos deyib.

Ali nümayəndə qeyd edib ki, millətlər fərqli olsalar da, bu, bizi bir-birimizdən ayırmamalı, əksinə bizi birləşdirən dəyər olmalıdır: “Bütün xalqlar bu müxtəliflikləri qəbul edərək bir-birilərinə hörmət və anlayışla yanaşmalıdırlar. Çünki sülh və beynəlxalq hüquq prinsipləri və normalarının riayət edildiyi mühit bizə iradəmizi ifadə etməyə şərait yaradır və bütün bəşəriyyətə sülh və rifah gətirir”.

Migel Angel Moratinos, həmçinin bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı dünya xalqları və mədəniyyətlərı arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş “Bakı Prosesi”nə daim dəstək verib və ölkəmizin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib. “Azərbaycan bir neçə dəfə “Bakı Prosesi” çərçivəsində beynəlxalq tədbirlər sırasında olan Bakı Qlobal forumlarına ev sahibliyi edib və bu tədbirlər zamanı biz BMT-nin Sivilizasiyalar Alyansı olaraq multikulturalizm dəyərlərinin təşviqi istiqamətində Azərbaycanla sıx əməkdaşlıq etmişik, - deyə Sivilizasiyalar Alyansının ali nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, iyunun 22-də BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinosun işğaldan azad olunmuş Füzuli rayonuna səfəri başlayıb. Səfərin məqsədi Ermənistan silahlı qüvvələri tərəfindən işğal zamanı həyata keçirilən vandalizmin,  Azərbaycanın tarixi-mədəni və dini irsinin məhv edilməsinin nəticələri ilə tanış olmaqdır.

AZƏRTAC