BMT-nin İnkişaf Proqramı ilə gələcək  əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
Digər xəbərlər

BMT-nin İnkişaf Proqramı ilə gələcək  əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri  Sahil Babayev Nuno Queirosu BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən vəzifəsinə təyin olunması münasibətilə təbrik edib,  Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətləri, son illər ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sistemində aparılan islahatlar, DOST konsepsiyası, sosial sahədə innovativ yeniliklərin geniş tətbiqi işləri barədə məlumat verib.

Bu barədə Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, görüşdə sosial islahatlar prosesində, habelə aktiv məşğulluq tədbirləri sahəsində ötən dövrdə BMT İnkişaf Proqramı ilə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığı vurğulanıb. Birgə icra olunan "Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı", "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" və digər layihələrin əhəmiyyətindən bəhs olunub. 

Nuno Queiros səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edərək, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsində səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahələrində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Mustafa KAMAL,

"Respublika".