BMT-nin qadınlar üzrə nümayəndəsi: Azərbaycanda həyata keçirilən gender siyasəti uğurludur
Siyasət

BMT-nin qadınlar üzrə nümayəndəsi: Azərbaycanda həyata keçirilən gender siyasəti uğurludur

Üçüncü Avrasiya Qadınlar Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova səfər çərçivəsində BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən BMT ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Milli Məclisin sədri deyib ki, ölkəmiz həmişə BMT-nin çox fəal üzvü olub və təşkilatın müxtəlif fəaliyyət sahələrini əhatə edən qurumları ilə müsbət əməkdaşlıq əlaqələri qurub. Xatırladıb ki, Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Müasir dövrdə dünyada baş verən dəyişikliklər fonunda qadınların bir çox sahələrdə artan rolu haqqında danışan Sahibə Qafarova bildirib ki, bu gün qadınlar qlobal problemlərin qarşısının alınması, o cümlədən COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması, dünyada sülh, təhlükəsizlik və davamlı inkişaf uğrunda mübarizədə beynəlxalq səylərə əhəmiyyətli töhfə verirlər.

Görüşdə ölkəmizdə qadınlarla bağlı dövlət siyasətinin tarixi barədə məlumat verən Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan qadınları həmişə ictimai-siyasi proseslərdə fəal olublar. 1918-ci ildə Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti qadınlara seçki hüququ verən qanun qəbul edib. Bununla da Azərbaycan qadınlara seçki hüququ verən ilk müsəlman ölkəsi kimi, universal seçki hərəkatının da öncülü olub.

S.Qafarova 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qadınlarla bağlı dövlət siyasətinin həyata keçirilməsində də yeni uğurlar əldə edildiyini vurğulayıb. O, bu sahədə atılan addımların qadınların cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etməsinə, onların ölkəmizin inkişafına töhfələrinin əsaslı şəkildə artmasına imkan verdiyini bildirib. Milli Məclisin sədri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müasir dövlətçiliyimizdə böyük xidmətlərini xüsusi vurğulayaraq, onun çoxşaxəli fəaliyyətinin hər bir Azərbaycan qadını üçün örnək təşkil etdiyini söyləyib.

Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsi və torpaqlarını işğaldan azad etməsi barədə məlumat verən Milli Məclisin sədri bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun şücaəti sayəsində ərazilərimiz Ermənistan tərəfindən 30 illik işğalına son qoyulub. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını öz gücünə həyata keçirib. S.Qafarova deyib ki, 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatla münaqişəyə son qoyulub. Hazırda Cənubi Qafqaz regionunda tamamilə yeni şərait yaranıb. Münaqişə keçmişdə qalıb və Azərbaycan işğaldan azad olunmuş ərazilərinin bərpası ilə məşğuldur.

BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir müasir dövrdə gender məsələləri, qadınların cəmiyyətlərdə artan rolu, bir sıra ölkələrdə cinsi ayrı-seçkiliklə bağlı problemlərə və digər məsələlərə toxunub. O, iki il əvvəl Azərbaycana səfərini xatırladaraq, ölkəmizdə gender sahəsində vəziyyəti öyrəndiyini, həyata keçirilən dövlət siyasətinin uğurlu olduğunu bildirib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda gender bərabərliyi, qadın hüquqlarının qorunması sahəsində görülən işlər, qadınların cəmiyyətdə rolu barədə fikirlərini bölüşüb.

AZƏRTAC