BMT qurumları ilə fəal əməkdaşlıq təcrübəsi
Sosial həyat

BMT qurumları ilə fəal əməkdaşlıq təcrübəsi

Ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahələrində aparılan islahatlarda BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlığa xüsusi önəm verilir. Son illərdə mühüm istiqamətlərdə yeni müştərək layihələr əsasında fəal və səmərəli əməkdaşlıq təcrübəsi formalaşıb. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Vladanka Andreyeva ilə görüşündə vurğulayıb.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının Azərbaycan üçün xüsusi əhəmiyyətini vurğulayan nazir bu məqsədlərin həyata keçirilməsi sahəsində ölkəmizin müsbət təcrübəsini qeyd edib. O, BMT-nin İnkişaf Proqramı ilə birgə icra olunan "Azərbaycanda innovasiya və məşğulluğun inkişafı", "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihələrini diqqətə çatdırıb. BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondu ilə müştərək həyata keçirilən, əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin olunması üzrə layihənin əhəmiyyətini vurğulayıb. BMT-nin Əhali Fondu ilə "Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi" layihəsinin, əhali proqnozlarının hazırlanması işlərinin faydalı olduğunu deyib. Uşaqlara qayğı və övladlığagötürmə sisteminin inkişafı sahəsində UNİCEF-lə mühüm istiqamətləri əhatə edən əməkdaşlıq gündəliyindən bəhs edən S.Babayev ümumilikdə BMT qurumları ilə əlaqələrin ildən-ilə genişləndiyini bildirib.

V.Andreyeva ölkəmizdə sosial sahədə aparılan islahatlarda, sosial cəhətdən həssas qruplara dəstək işlərində BMT qurumları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın daim inkişaf etməkdə olmasının məmnunluq doğurduğunu vurğulayıb.

M.KAMAL,

"Respublika".