BMU-da Anım Günü
Sosial həyat

BMU-da Anım Günü

Bakı Mühəndislik Universitetində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Dövlət Himninin səsləndiriliməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı yolunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra universitetin rektoru, professor Havar Məmmədov Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, böyük qürurla qeyd edilən Anım Gününün mahiyyətindən söz açaraq, bu unudulmaz tarixin Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, şanlı bayrağımızı işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olduğunu qeyd edib. 

Xalqımızın budəfəki Anım Gününü daha bir tarixi hadisənin qürur və sevincini yaşamaqla qeyd etdiyini önə çəkən rektor avqustun 26-da Laçın şəhərinə yerləşən ordumuz tərəfindən Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini, eyni zamanda Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılmasını qəhrəmanlıq salnaməmizin şanlı səhifələri kimi dəyərləndirib.

Ali təhsil ocağının rəhbəri Vətən müharibəsində şanlı Qələbənin xalqımızın igid övladlarının qanı-canı bahasına qazanıldığını, şəhidlərimizin əziz xatirəsinin həmişə ehtiramla yad edildiyini, həmçinin şəhidlərimizin və qazilərimizin qəhrəmanlığının dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Vətən müharibəsində qazanılmış Qələbədən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanıldığını deyən Havar Məmmədov azad Qarabağımızda mühüm infrastruktur obyektlərinin tikildiyini, yeni layihələrə start verildiyini, Şuşaya böyük Qələbənin rəmzi olan Zəfər yolunun çəkildiyini, Füzulidə Beynəlxalq Aeroportun açıldığını, Zəngilan rayonunda tikilən "ağıllı kənd"ə ilkin olaraq 66 ailənin köçürüldüyünü, bununla da "Böyük Qayıdış"ın başlanğıcının qoyulduğunu söyləyib.

Daha sonra BMU-nun avtomatika, telekommunikasiya və energetika kafedrasının müdiri Ramiz Hümbətov, təcrübə şöbəsinin müdiri Həzi Qasımov və digərləri çıxış edərək Anım Günü ilə bağlı fikirlərini paylaşıblar.

Tədbir rəşadətli Azərbaycan ordusunun gücünü əks etdirən "Qarabağ Azərbaycandır!" adlı videoçarxın nümayişi ilə başa çatıb. 

M.MİRZƏ,

"Respublika".