BMU-da Zəfər Gününə həsr olunmuş bayram tədbiri
Elm və təhsil

BMU-da Zəfər Gününə həsr olunmuş bayram tədbiri

Bakı Mühəndislik Universiteti və Yeni Azərbaycan Partiyasının BMU ilk ərazi təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, toplantıda universitet rəhbərliyi, tələbə-müəllim heyəti, dövlət və hökumət nümayəndələri, BMU-nun Vətən müharibəsində iştirak etmiş tələbələri qatılıblar.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şanlı qələbənin əldə olunmasını əks etdirən "Zəfər yolu" adlı videoçarx nümayiş olunub.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov xalqımızı Zəfər bayramı münasibətilə təbrik edib, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsindəki qələbəsi şərəfinə təsis olunmuş Zəfər Gününün böyük qürurla qeyd edildiyini deyən rektor bu möhtəşəm qalibiyyətin Azərbaycan xalqının və dövlətinin qüdrətini bütün dünyaya nümayiş etdirməklə yanaşı, milli qürurumuzun şanlı səhifəsi olduğunu bildirib.

Millət vəkili Arzu Nağıyev I Qarabağ müharibəsi veteranı kimi keçdiyi döyüş yolu və təəssüratlarını iştirakçılarla bölüşüb, 8 Noyabr Zəfərinin dünya hərb sənətinə yenilik gətirərək, böyük örnək olduğunu, həmçinin ölkələrin Azərbaycan Ordusunun gücünə baxışının köklü surətdə dəyişdiyini vurğulayıb. Qalib ölkənin vətəndaşı olmağın qürurverici məqamlarına toxunan millət vəkili bildirib ki, Zəfər Gününə qələbənin memarı, Ali Baş Komandan İlham Əliyevin, rəşadətli ordumuzun və Prezidentin ətrafında yumruq kimi birləşən xalqımızın vəhdəti nəticəsində nail olunub.

Daha sonra bayram tədbiri ədəbi-bədii kompozisiya ilə davam edib.

Müşfiq MİRZƏ,

"Respublika".