BMU ilə Koreyanın Hanbat Milli Universiteti arasında memorandum imzalanıb
Elm və təhsil

BMU ilə Koreyanın Hanbat Milli Universiteti arasında memorandum imzalanıb

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov Koreyanın Elm və Texnologiya Siyasəti İnstitutunun (STEPI) əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycan və Koreya arasında ikitərəfli münasibətlərin inkişafından söz açan Havar Məmmədov BMU ilə Koreyanın İNHA universiteti arasında 2020-ci ildən bakalavriat səviyyəsi üzrə birgə reallaşdırılan ikili diplom proqramının icrası, əhəmiyyəti və nəticələri, eyni zamanda BMU-nun nəzdində fəaliyyət göstərən Xırdalan Kral Seconq İnstitutunda ödənişsiz Koreya dili kursları haqda qonaqlara ətraflı məlumat verib.

Azərbaycanda innovasiya ekosisteminin inkişafı üzrə əməkdaşlığı dəstəkləyən STEPI-nin nümayəndə heyətinin ölkəmizə əvvəlki səfərləri çərçivəsində keçirilmiş görüşlərə diqqət çəkən rektor BMU ilə bu qurum arasında informasiya texnologiyaları sahəsində elmi-texniki tədqiqat, süni intellekt və elmi-tədqiqat laboratoriyasının qurulması, həmçinin avtomatlaşdırma, robototexnika üzrə birgə araşdırmaların aparılması üzrə əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.

Ölkəmizə səfərlərinin təəssüratlarını paylaşan STEPI-nin baş elmi işçisi Eun Joo Kim "Yüksək Texnologiyalar Parkının istismar proqramı: tətbiq və potensialın gücləndirilməsi" layihəsi, layihə çərçivəsində qurulan əməkdaşlığın istiqamətləri, o cümlədən texnologiyaların transferindən, kommersiyalaşdırılmasından da bəhs edib.

Sonra BMU ilə Koreyanın Hanbat Milli Universiteti arasında Qlobal Sahibkarlıq Təhsili Əməkdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb.

M.MİRZƏ,

"Respublika".