BMU-nun builki qəbul planına 6 yeni ixtisas əlavə olunub
Elm və təhsil

BMU-nun builki qəbul planına 6 yeni ixtisas əlavə olunub

Bakı Mühəndislik Universitetinin (BMU) 2021/2022-ci tədris ili üçün bakalavr və magistratura səviyyələri üzrə tələbə qəbulu planı təsdiqlənib.

BMU-nun bakalavr pilləsində 30 ixtisas üzrə ümumilikdə 1190 plan yeri ayrılıb. Onlardan 690 yer Azərbaycan bölməsi, 500 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub. BMU-nun magistr pilləsində 18 ixtisas və 23 ixtisaslaşma üzrə 250 yer ayrılıb. Onlardan 215 yer Azərbaycan bölməsinin, 35 yer ingilis bölməsinin payına düşür.

Universitetin MBA proqramında isə 6 ixtisaslaşma üzrə 115 yer ayrılıb. Onlardan 85 yer Azərbaycan, 30 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub.

Növbəti tədris ili üçün qəbul planında bir sıra yeniliklər də öz əksini tapıb. Belə ki, BMU-ya 6 yeni ixtisas - Kompüter elmləri (bakalavr), magistratura səviyyəsinə - Kibertəhlükəsizlik (SABAH), Elektroenergetika mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Memarlıq  ixtisasları üzrə tələbə qəbulu həyata keçiriləcək.

BMU-nun Koreya Respublikasının İnha Universiteti ilə ötən tədris ilində icrasına başladığı birgə ikili diplom proqramları üzrə Elektrik və elektronika mühəndisliyi, İnformasiya texnologiyaları və İnşaat mühəndisliyi ixtisaslarında bakalavr hazırlığı yeni tədris ilində də davam etdiriləcək və dövlət sifarişi əsasında aparılacaq.

Bakalavr pilləsində ingilisdilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. Memarlıq və dizayn ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb. Magistratura səviyyəsi üzrə Kibertəhlükəsizlik ixtisaslaşmasına qəbul olunmaq üçün müsabiqədə bakalavriat səviyyəsini Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, İnformasiya texnologiyaları və Sistem mühəndisliyi ixtisaslarından birini bitirən şəxslər iştirak edə bilər.

Xatırladaq ki, bakalavr pilləsi üzrə ötən ilin qəbul planında da yeni ixtisaslar - İnformasiya təhlükəsizliyi, Radiotexnika və telekommunikasiya mühəndisliyi, Nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları yer almışdı.

BMU-nun ictimaiyyətlə əlaqələr şöbəsi.