Bölgə   melioratorları   yaz   əkininə   hazırlaşırlar
Region

Bölgə   melioratorları   yaz   əkininə   hazırlaşırlar

Artıq yaz gəlir və apreldən etibarən kəndlərdə əkin kampaniyasına başlanılacaq. Bunun üçün bölgələrdə əkinqabağı bütün hazırlıqlar həyata keçirilir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti   bildirir ki, Bərdə Suvarma Sistemləri İdarəsi rayonda 63406 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. İdarənin balansında 1260 kilometr suvarma kanalı vardır. Bundan 112 km nov kanallar, 32 km qapalı şəbəkə, 851 km-i isə torpaq kanaldır. Hər il mütəmadi olaraq torpaq məcralı kanallarda su itkisinin qarşısının alınması, maneəsiz olaraq fermerlərə çatdırılması üçün lildən təmizləmə işləri aparılır.

Bərdənin  böyük  kənd   təsərrüfatı    potensialı   var.  Rayonunun əsas su mənbələri Yuxarı Qarabağ Kanalı, Tərtər çayı, subartezian quyuları və Kür çayı üzərində qoyulmuş nasos stansiyalarıdır. 2022-ci ildə rayon üzrə 63406 hektar sahə 5.37 dəfə  suvarılıb. Ötən  il isə balansda olan torpaqlara aşağıdakı qaydada kənd təsərrüfatı bitkiləri əkilib. Bunlar 110381 hektar pambıq, 11862 hektar taxıl, 22907 hektar yonca, 12506 hektar digər əkinlər və 5200 hektar isə həyətyanı sahələrdir. Ötən il idarə tərəfindən 48 ədəd hidrometrik postlar cari təmir edilib, 1064 min kubmetr kanallar lildən təmizlənib. Kollektor-dren sisteminin 992 min kubmetri, yəni 283 kilometr  hissəsi lildən təmizlənib. Bundan başqa, 350 ədəd subartezian quyusu cari təmir edilib. Beləliklə, yaz əkinlərinin   suvarılması üçün bütün lazımi    tədbirlər vaxtında həyata   keçirilib.

Beyləqan Suvarma Sistemləri İdarəsi Beyləqan rayonunda 51356 hektar, İmişli rayonunda isə 639 hektar sahəni suvarma su ilə təmin edir. Hazırda idarənin balansında 1300 km-ə yaxın uzunluğunda suvarma kanalı, 1333 km uzunluğunda kollektor-drenaj şəbəkəsi, 117 ədəd subartezian quyusu var. İdarə tərəfindən mütəmadi olaraq nasazlıqlar olan quyulara baxış keçirilir və dərhal aradan qaldırılır. Bu məqsədlə 103 ədəd subartezian quyusu cari təmir edilib. Bundan başqa, son illər ərzində torpaq məcralı kanalların beton üzlüyə alınması ilə su itkisinin də qarşısı alınmış olub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Əsasən yay aylarında su problemi yaşanan Kəbirli kəndində qazılan yeni subartezian quyusu vasitəsilə kənd sakinlərinin suvarma və içməli suya olan tələbatı ödənilib. Bu quyu vasitəsilə 100 ailənin su problemi aradan qaldırılıb.

Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsi iki su mənbəyinin - Xan qızı kanalı vasitəsilə Araz çayının, Qarabağ kanalı vasitəsilə isə Kür çayının suyundan istifadə edərək əkin sahələrinin suvarılmasını həyata keçirir.

Nəriman  CAVADOV,

“Respublika”.