Bölgə xəbərləri
Region

Bölgə xəbərləri

Ağcabədi

Aranla Qarabağın  qovuşduğu  Ağcabədi rayonunda həyat öz axarı ilə davam edir. Rayonda bütün sahələrdə olduğu kimi, idmanda da uğurlu nəticələr əldə olunur. Taekvondo idman növü üzrə gənclər arasında Azərbaycan birinciliyində uğurlu nəticələr əldə etmiş Ağcabədi taekvondoçuları ilə görüş keçirilib. Rayon gənclər və idman idarəsinin rəisi Rüfət Quliyev idmançıları qazandıqları idman nailiyyətləri münasibətilə təbrik edərək onlara yeni uğurlar arzulayıb. Qeyd olunub ki, 3 nəfər taekvondoçu Milli Yığma Komandanın tərkibində Avropa çempionatında çıxış etmək üçün Estoniyanın Tallin şəhərinə yola düşüb.

Bu günlərdə Bakı şəhərində keçirilmiş taekvondo idman növü üzrə gənclər arasında Azərbaycan birinciliyində iştirak edən Ağcabədi taekvondoçuları 5 medal qazanaraq uğurlu nəticə əldə ediblər. Müxtəlif çəki dərəcələrində taekvondoçu  Sənan Orucov (68 kq) birinci yerə, Fərhad Lətifov (55 kq) ikinci  yerə, qızlar arasında  Şəbnəm Məmmədəliyeva (42 kq) üçüncü yerə layiq görülüb.

                   ***       

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsinə, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması üçün rayonda ciddi tədbirlər həyata keçirilir. Bu günlərdə  ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Avropa İttifaqının dəstəyi ilə rayonda həyata keçirilən layihə zamanı monitorinqlər və könüllülərlə birgə təlimlər aparılıb.

COVID-19 pandemiyasının qarşısının alınması məqsədilə əhali arasında tibbi maskalar, spirt, üz üçün sipərliklər, gigiyenik vasitələr, ilk yardım çantaları və çap materialları, buklet və broşürlər paylanılıb. Dünyanı cənginə alan koronavirusa  peyvəndləmə və sosial məsafənin gözlənilməsi nəticəsində qalib gəlmək olar. Bu adi həqiqəti indi hər kəs daha yaxşı bilir.

                    ***

Dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvi (1141-1209) odlar yurdunun ikinci ən böyük şəhəri olan Gəncədə anadan olub və bütün ömrü boyu bu şəhərdə yaşayıb. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Bununla əlaqədar Heydər Əliyev mərkəzində bir qrup gəncin iştirakı ilə Nizami Gəncəvi--bütün bəşəriyyətin şairi” adlı videokonfrans keçirilib.

Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva bildirib ki, bu il dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti var.

Ali ideyalara, bəşəri dəyərlərə, haqq-ədalətə xidmət edən Nizami Gəncəvi təkcə yaradıcılığı ilə deyil, həyat tərzi ilə də nümunəvi bir insan olub. Nizami Gəncəvi mənəvi zənginliyi dünyada hər şeydən üstün tutub. Dünya ədəbiyyatında öz yeri  olan Nizami Gəncəvi əbədiyaşar, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib.

Videokonfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Sevinc Məhərrəmova şairin həyat və yaradıcılığından ətraflı bəhs edib.

Videokonfransda qeyd olunub ki, 2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi çox böyük tarixi əhəmiyyət daşıyır  və milli-mənəvi dəyərlərin qorunmasına ən böyük töhfədir.

    Salman ALIOĞLU,

         “Respublika”.