Bölgə xəbərləri: Ağdam
Region

Bölgə xəbərləri: Ağdam

Müasir əkinçilik ənənələri ilə tanınan rayonda təcrübəli fermerlər, xüsusi mülkiyyətçilər torpaqdan səmərəli istifadə etməyin yollarını yaxşı bilirlər. Məhsul istehsalçıları uzun illərin təcrübəsinə əsasən bilirlər ki, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, həmçinin məhsul yığımından dərhal sonra torpağın növbəti əkin üçün hazırlanması məhsuldarlığı artırır. Məhz bu səbəbdən fermerlər bu il biçindən sonra yay şumu aparmağa daha çox maraq göstərirlər. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkin də uğurla həyata keçirilir, yüksək məhsuldarlıq əldə etmək üçün torpağa lazımi aqrotexniki qulluq göstərilir.

Rayon statistika idarəsindən bildiriblər ki, avqustun 1-dək 420 hektar sahədə təkrar əkin işləri aparılıb. Həmin əkinin 364 hektarı yem bitkiləri, 56 hektarı isə tərəvəz bitkiləri təşkil edir. Yem bitkilərinin 239 hektarı silos üçün qarğıdalı, 75 hektarı sorqo, 50 hektarı isə darıdır. Bundan başqa, Ağdam rayonunda payızlıq əkinlər üçün 6020 hektar sahədə şum qaldırılıb.

 

Laçın

Yurdumuzun ən dilbər guşələrindən olan dağları, yaylaqları ilə məşhurlaşan, çayları və gölləri ilə qonaqları heyran edən Laçın torpağına yeni bir həyat qayıdıb. İşğaldan azad edilən ərazilərdə tikinti-quruculuq işləri ilə yanaşı, bu il laçınlı fermerlərin bir qrupu yaylaqlara köç edib. Arıçıların və heyvandarların doğma torpaqlarda becərdikləri məhsul həm keyfiyyəti, həm də təbii olması ilə fərqlənir. Dədə-babadan heyvandarlıqla məşğul olan Laçın camaatı keçmiş məcburi köçkünlük illərində də bu ənənəni layiqincə yaşadıblar.

Ağcabədi rayonunun Taxtakörpü ərazisində müvəqqəti məskunlaşan laçınlı heyvandarlar hər il olduğu kimi, cari ilin yeddi ayında da yüksək məhsuldarlığa nail olublar. Rayon statistika idarəsindən bildiriblər ki, 2022-ci ilin yanvar-iyul aylarında rayon üzrə heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb. Belə ki, ilin yeddi ayında rayonda 13 min 351 sentner ət, 120 min 272 sentner süd, 2750 sentner yun və 2733 min ədəd yumurta istehsal edilib. 2021-ci ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 19.3 faiz, süd istehsalı 30.4 faiz, yumurta istehsalı 8.8 faiz, yun istehsalı isə 28.5 faiz çoxalıb. Heyvandarlar əmindirlər ki, doğma rayona qayıtdıqdan sonra ət və süd məhsullarının istehsalı ikiqat artacaqdır.

Salman ALIOĞLU,

"Respublika".