Bölgədə emal sənayesinin inkişafına ehtiyac var
Region

Bölgədə emal sənayesinin inkişafına ehtiyac var

Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə aqrar sahədə aparılan islahatlar ölkədə ərzaq təhlükəsizliyinin qorunmasına, keyfiyyətli ixracyönümlü məhsulların istehsalına və əhalinin məşğulluğunun təmin olunmasına hesablanmışdır. Sahibkarlığa göstərilən hərtərəfli dövlət qayğısı ölkədə bu sahənin sürətli inkişafına stimul verir.

Hər il respublikadan minlərlə ton kənd təsərrüfatı məhsulları müxtəlif xarici ölkələrə ixrac olunur ki, bununla da ölkəyə valyuta axınına zəmin yaranır. Respublikanın hər yerində olduğu kimi, Tərtərdə rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahə özünün əsl yüksəliş dövrünü yaşayır.

Tərtərin Xoruzlu kəndində fəaliyyət göstərən nümunəvi sahibkarlıq obyekti olan “Aqropat” MMC-də gördüklərimiz yaxşı mənada bizi heyrətləndirdi. Təsərrüfatın giriş qapısından başlayaraq,  hər tərəfdə ideal təmizlik və xüsusi səliqə-sahman, eyni zamanda, cərgə ilə əkilmiş müxtəlif dekorativ ağaclar ərazini daha baxımlı edir. Meyvə bağlarının ətrafında əkilmiş şam və digər ağaclar təkcə gözəl görünüş üçün deyil, həm də meyvə bağlarını külək və tozdan qoruma funksiyasını yerinə yetirir. “Aqropat” MMC-nin gənc direktoru Elçin Maqsudovla maraqlı söhbətimiz oldu. Direktor bildirdi ki, Cəmiyyət 2017-ci ildən fəaliyyətə başlayıb və fəaliyyətini özünəməxsus və icarəyə götürdüyü torpaqlarda davam etdirir. Hazırda 234 hektar sahədə şaftalı, badam, nektar, ərik, alça, armud, yastı şaftalı, bir neçə sort gilas və xurma ağaclarından ibarət olan bağa yüksək aqrotexniki qulluq göstərilir. Mövcud meyvə bağlarının 200 hektar sahəsi bar verir. Ağaclar cavan olduğuna görə məhsuldarlıq planlaşdırılmış tam həcmdə deyil. Ötən təsərrüfat ilində 134 hektar sahədə yeni bağlar salınmışdır. 2020-ci ildə təsərrüfat 1500 tona yaxın ekoloji təmiz meyvə əldə etmişdir. Növbəti illərdə məhsuldarlığın daha çox olacaq. Çünki ağaclar böyüdükcə məhsuldarlıq daha da artır. Bununla yanaşı,  “Aqropat” MMC cari ilin məhsulu üçün 111 hektar sahədə taxıl yetişdirmişdir, hazırda taxıl biçininin qızğın çağıdır. İlkin nəticələr ürəkaçandır. Hər hektardan 50 sentnerə yaxın məhsul əldə olunur. Taxıl biçinindən sonra 50 hektar sahədə təkrar günəbaxan əkiləcəkdir. Hazırda 223 hektar sahədə günəbaxan becərilir. Mütəxəssislər bu sahədə yüksək məhsuldarlığın olacağını proqnozlaşdırırlar. Elçin Maqsudov bir məqamı xüsusilə vurğulayaraq bildirdi ki, ötən ildən fərqli olaraq, cari ildə suvarma suyu ilə bağlı vəziyyət regionun bütün əhalisi kimi bizi də hədsiz sevindirir. Məlum olduğu kimi, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və cəngavər Azərbaycan əsgərinin hünəri nəticəsində işğal altında olan torpaqlarımız, o cümlədən bölgə üçün böyük əhəmiyyəti olan Suqovuşan su anbarı işğaldan azad olundu. Bununla da,  bölgəyə yeni bir həyat bəxş olundu. İndi bu bölgədə suvarma suyu ilə təminat daimidir. Olduqca böyük problem - suvarma suyunun çatışmazlığı nəhayət ki, keçmişdə qaldı. Ötən ilin müvafiq dövründə müəssisə böyük bir çətinliklə üzləşmişdi. Belə ki, susuzluqdan ağaclar quruma təhlükəsi ilə üzləşmişdi, lakin daxili imkanlar hesabına problem həll olundu. Müəssisəyə məxsus 3 ədəd suvarma hovuzu və 3 ədəd subartezian quyusu mövcuddur. Keçən ildən fərqli olaraq, indi hovuzlarda ehtiyat suyun səviyyəsi yetərincədir. Cəmiyyət kənd təsərrüfatı və digər texnikalarla təmin olunub. Ağacların suvarılması mütərəqqi üsul olan damcılama yolu ilə həyata keçirilir. Bağlarda texnikanın sərbəst hərəkət etməsi üçün eni 10 metr olan ağaclararası yollar çəkilib. “Aqropat” MMC-də hazırda 90 nəfər daimi, 200 nəfər isə mövsümi işlə təmin olunmuşdur.

Yuxarıda qeyd etdiyimiz kimi,  bağlarda aparılmış düzgün aqrotexniki qulluq nəticəsində yüksək məhsuldarlıq əldə olunur. Əldə olunan meyvələr genetik modifikasiyaya məruz qalmamış, əsl ixracyönümlü məhsullardır. Məlumdur ki, təzə meyvənin uzun müddət saxlanılması qeyri-mümkündür. Bu baxımdan direktor təklif irəli sürərək bildirdi ki, meyvənin zay olmasının qarşısının alınmasının ən optimal yolları bölgədə konservləşdirmə və quru meyvə istehsalı müəssisələrinin açılmasıdır. Bundan yalnız  “Aqropat”  MMC deyil, həm də bütün region əhalisi yararlanar. Ümid etmək olar ki, atılacaq addım bölgədə məşğulluğun təmin olunmasında da töhfəsini verəcəkdir.

Vəli VƏLİYEV,

“Respublika”.