Bölgələrdə əmək hüquqlarına dair maarifləndirmə tədbirləri
Sosial həyat

Bölgələrdə əmək hüquqlarına dair maarifləndirmə tədbirləri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “İnsan Hüquqları Aylığı” çərçivəsində Salyan, Quba və İsmayıllı rayonlarında “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirici tədbirlər keçirib. 10 iyun Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilir.

Hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, eləcə də bir qrup yuxarı sinif şagirdləri və müəllimlərin iştirak etdiyi tədbirlərdə “Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” və “Uşaqların əmək hüquqları” mövzularında videoçarxlar nümayiş olunub.

Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Daxili İşlər Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının regional bölmələrinin nümayəndələri çıxış edərək uşaq əməyinin istismarı və məcburi əməyə cəlbetmə hallarına qarşı mübarizə barədə iştirakçılara ətraflı məlumat veriblər.

Uşaq hüquqları, yaşı 18-dək olan işçilərin əmək hüquqları və əmək münasibətləri zamanı onlar üçün qanunvericlikdə nəzərdə tutulan  əlavə təminatlar diqqətə çatdırılıb.

“Respublika”.