Bölgələrlə işgüzar əlaqələr möhkəmlənir
Region

Bölgələrlə işgüzar əlaqələr möhkəmlənir

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Ağcabədi rayonuna səfər edib. Rayon icra hakimiyyətində keçirilən görüşdə səfirə Ağcabədi rayonunun tarixi, iqtisadiyyatı, mədəniyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, rayonda pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq son illər xeyli inkişaf edib.

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov qonağa rayon haqqında ətraflı məlumat verərək bildirib ki, ermənilər tərəfindən dağıdılmış, yerlə-yeksan edilmiş şəhərlərimizi görənlər bu yerləri Xirosimaya bənzədirlər. Düşmənin vəhşiliyinin həddi-hüdudu yoxdur, qədim şəhərlərimizi dağıdıb, təbiətə ciddi ziyan vurub, çaylarımızı zəhərləyiblər. Ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun tarixi qələbəsi ilə başa çatıb. Bu gün azad olmuş torpaqlarımızda böyük quruculuq işləri gedir. İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində ciddi ziyan dəyən bölgələrdən biri də Ağcabədi rayonu olub. Hazırda rayon ərazisində müharibə dövründə zərər görmüş evlər bərpa olunur, tamamilə dağılmış evlər isə yenidən tikilir.

Yaponiya hökumətinin qrant yardımı proqramı çərçivəsində Ağcabədi rayonunda reallaşdırılan layihələr barədə də məlumat verən icra hakimiyyətinin başçısı belə humanitar tədbirlərin bundan sonra da davamlı xarakter daşıyacağına əminliyini ifadə edib, əməkdaşlıqla bağlı bir sıra təkliflər səsləndirib.

Səfir Cuniçi Vada  qonaqpərvərliyə, xoş sözlərə, rayon haqqında ətraflı məlumata görə minnətdarlığını bildirib. Vətən müharibəsində həyatını itirən hərbçilərə və mülki şəxslərə görə hüznünü ifadə edib. Verilən təklifləri yüksək dəyərləndirib.

Ağcabədiyə səfəri çərçivəsində səfir Cuniçi Vada  Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində inşa olunmuş 35 yerlik  Şərəfxanlı kənd körpələr evi – uşaq  bağçası ilə də tanış olub.

Salman ALIOĞLU,

“Respublika”.