Bolonya Universitetinin nümayəndə heyətinin İtaliya-Azərbaycan Universiteti çərçivəsində Azərbaycana səfəri yekunlaşıb
Elm və təhsil

Bolonya Universitetinin nümayəndə heyətinin İtaliya-Azərbaycan Universiteti çərçivəsində Azərbaycana səfəri yekunlaşıb

Bolonya Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor Raffaella Kampaner və Beynəlxalq əlaqələr departamentinin direktoru Covanna Filippinin rəhbərliyi ilə universitetin Kənd təsərrüfatı və qida elmi fakültəsinin dörd mütəxəssisi iyunun 14-18-də Azərbaycanda səfərdə olub. Səfərin məqsədi ADA Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetində Kənd təsərrüfatı və Qida elmi fakültəsini təsis etmək üçün ilkin araşdırmanın aparılması idi.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti ölkənin kənd təsərrüfatı üzrə strateji inkişaf planında nəzərdə tutulan sahələrə uyğun akademik proqramların müəyyən olunması üçün müxtəlif bölgələrə araşdırma səfərləri həyata keçirib. Səfərlər Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə təşkil edilib. Təsis edilən akademik proqramların sözügedən sahənin inkişafına töhfə verməsi üçün Kənd Təsərrüfatı və Təhsil nazirlikləri ilə sıx məşvərət aparılıb, əhəmiyyət kəsb edən mövzular müzakirə olunub. Eyni zamanda, həmin akademik proqramların yerli əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün bəhs edilən sahə üzrə fəaliyyət göstərən şirkətlərlə də ətraflı müzakirələr aparılıb.

İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi hər iki dövlət üçün strateji maraq kəsb etdiyindən səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib. Belə ki, ADA Universitetində rektor Hafiz Paşayevlə görüşlə yanaşı, nümayəndə heyəti kənd təsərrüfatı naziri İnam Kərimov, təhsil naziri Emin Əmrullayev və İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə aidiyyəti mövzu üzrə müzakirələr aparıb.

İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupunun rəhbəri Qalib Məmməd bildirib ki, yüksəkixtisaslı kadrların yetişdirilməsi İtaliya-Azərbaycan Universitetinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə, heyvandarlıq, bitkiçilik, qida elmi və texnologiyası kimi strateji sahələr üzrə akademik proqramlar təsis olunacaqdır. Sözügedən proqramlar Bolonya Universiteti ilə birgə tədris olunacaqdır.

Bolonya Universitetinin nümayəndə heyəti bildirib ki, bu əməkdaşlığın məqsədi yalnız fakültə və akademik proqramlar yaratmaq yox, eyni zamanda, qida sisteminə yeni baxış formalaşdırmaqdır. Qida sisteminin araşdırılması və tədrisi üzrə İtaliya, xüsusən Bolonya Universiteti müstəsna peşəkarlıq və təcrübəyə malikdir.

Qeyd edək ki, Bolonya Universitetini təmsil edən nümayəndə heyətinin ölkəmizə səfəri yekunlaşıb. Hazırda Memarlıq və Dizayn fakültəsinin təsis edilməsi üçün Milan Politexnik Universitetinin komandasının ilkin araşdırma məqsədilə ölkəmizə səfəri başlayıb.

Xatırladaq ki, İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik, Turin Politexnik və Romanın Sapienza Universitetləri daxil olmaqla, İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi cəlb olunub. Bu ilin aprel ayında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, energetika naziri Pərviz Şahbazov, təhsil naziri Emin Əmrullayev, İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maionun iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin təməl qoyma mərasimi keçirilib.

AZƏRTAC